Yubiley tədbirlərinin keçirilməsi


Mir Cəlalın anadan olmasının 100 illiyi münasibəti ilə bütün mədəni-maarif müəssələrində, o cümlədən kitabxanalarda da kütləvi tədbirlər hazırlanmaqdadır. Görkəmli ədibimizin yubileyi şərəfinə F.Köçərli adına RUK-da da təmtəraqlı tədbir keçiriləcək. İlk növbədə ədibin irsinin təbliği  ilə bağlı yazıçının uşaq və gənclər üçün yazdığı əsərlərin sərgisini tərtib edə bilərik. Sərgini müxtəlif başlıqlarla adlandırmaq olar: “Mir Cəlal-100 il”, “Unudulmaz sənətkar”, “Gənc nəslə töhvələrim”, “Müasir füzulişünaslığın banisi” və s. Sərgidə ədibin portreti, kitabları, görkəmli şəxsiyyətlərin onun haqqında dedikləri sitatlardan istifadə edə bilərik. Həmçinin oxucu konfransı, icmal, ədəbi-bədii gecə və s. hazırlamaq olar.

Ədəbi-bədii gecə üçün hazırlanacaq stendin nümunəsini veririk:

  1. Başlıq- “Mir Cəlal -100 il”
  2. Portreti
  3. Görkəmli elm və incəsənət xadimləri Mir Cəlal haqqında
  4. Yarım başlıq- “Ədibdən gənclərə”
  5. M.Cəlal - “Dirilən adam”
  6. M. Cəlal - “Bir gəncin manifesti”
  7. M. Cəlal - “ Yaşıdlar”
  8. M. Cəlal - “Dağlar dilə gəldi”
  9. M. Cəlal - “ Ləyaqət”

Sərgidə verilmiş sitatlar

1. “Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal oxucuya təsir edir.”
Ədəbiyyatşünas Yakov Rıkaçev

2. “Mir Cəlal mahir bir hekayə ustasıdır, onun hekayələri yığcam və ibrətlidir. Yazıçı hər bir hekayədə müəyyən ibrətli bir hadisədən bəhs edir və tərbiyəvi nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır.”

                                                                                          Akademik Məmməd Arif

3. “Bədii yaradıcılığında olduğu kimi elmi əsərlərində də Mir Cəlal həmişə aydın bir məqsəd izləmişdir. O, həmişə xalqın mənafeyinə xidmət edən ədəbiyyatdan, yazıçıdan yazıb, ədəbiyyatımızın böyük ənənələrinə sadiq olan sənətə maraq göstərib, müasir ideyalı ədəbiyyat uğrunda mübarizə aparıb. Buna görə də ədib bir nəzəriyyəçi, bir tənqidçi kimi büdrəməyib, çaşmayıb, məqsəd aydınlığı ona tədqiqat mövzuları seçməkdə, aydın fikirlər söyləməkdə kömək edib.

Akademik Kamal Talıbzadə
Sərgidə sitatlardan əlavə yazıçının həyat və yaradıcılığının əsas   tarixlərinin qeyd olunduğu siyahini  vermək olar ki, bu da sərgini daha dolğun edər.(əlavə 2)
Yubileydə keçirilən maraqlı tədbirlərdən oxucu konfransı, icmal, ədəbi-bədii gecə və s. ola bilər. Bu tədbirlərlə yanaşı Mir Cəlalın yuxarı yaş qrup oxucular üçün yazdığı hekayə və povestlərin (“Ləyaqət”, “Bir gəncin manifesti”, “Dirilən adam”, “Dağlar dilə gəldi”, “Möhür və məhəbbət”, “Bakı səhərləri”, “Ərəb qardaş”, “Yaşıdlar” və s.) məzmunu haqqında kitabxanaçı tərəfindən məlumat verilə bilər. Oxucuların marağını cəlb etmək üçün Mir Cəlalın maraqlı hekayələrindən  birinin icmalını keçirmək olar.
“Möhür və məhəbbət” hekayəsinin icmalınına kitabxanaçı hekayədə verilmiş bir şeir parçası ilə başlaya bilər:

        “Birisi kök, deyərsən pərvəridir.
Birisi bir sümükdür, bir dəridir.
Birinin yağar dövlət başından.
Birisi görməyib bir pul yaşından.
Əziz, oxucular bu hekayədə yazıçı bir-birini sevən Fira və İsmayıl adlı iki gəncdən söhbət açır. İsmayıl Firavan xanımın oğludur. O, ali təhsilli, işli-güclü, evli-eşikli, zirək bir oğlandır. Onun Fira adlı bir gözəl nişanlısı var. Baxmayaraq ki, gənclər bir-birini sevir, amma ailə qura bilmirlər. Toyları getdikcə ləngiyir.
Bunu görən qonum-qonşu, qohum-əqrəba hamısı bu gənclərin toyunun nə vaxt baş tutacağı ilə maraqlanırlar. Toyun ləngimək səbəbini gənclərin özündən başqa heç kim bilmir. Səbəb isə diplomdur. Qız ali məktəbi oxuyub bitirmişdir. Lakin İsmayıl tələb edirdi ki, Fira aspiranturaya qəbul olsun. Və buna görə də onların arasındakı mübahisələr bitmək bilmir.” Kitabxanaçı icmalı bu yerində saxlayıb oxuculara müraciət edir.
“Hörmətli, oxucular, əgər siz Fira ilə İsmayılın başı bəlalı məhəbbətinin sonunun nə ilə bitəcəyini  bilmək istəyirsinizsə, bu hekayəni oxuyun.”
Ədəbiyyatşünas Xalid Əlimirzəyevin “Mənəvi borc”, Ramiz Dənizin “Qəlblərdə yaşayan Mir Cəlal” kitablarının da icmalını keçirmək olar. İcmalla yanaşı oxucularımız üçün sual-cavab viktorinası da təşkil edə bilərik. Məsələn, Mir Cəlalın “Həkim Cinayətov”, “Müalicə”, “Badam ağacları”, “Ehtiram”, “Vətən köynəyi”, “Bostan oğrusu”,  “Xahiş, tələb, məsləhət”, “Bir elçi kimi”, “Hekəl söküləndə”, “Leyla”, “Qəm qəmi gətirər, dəm dəmi!” və s. hekayələri haqqında  oxuculara kitabxanaçı tərəfindən qısa məlumat verilə bilər. Daha sonra həmin məlumat əsasında sual-cavab viktorinası təşkil edə bilərik. (Nümunəsini aşağıda veririk)

  1. “Həkim Cinayətov” hekayəsində Ramazan nəyə görə həkimə əsəbləşdi?

Ramazan Həkim Cinayətovun onun sözlərinə məhəl qoymamasına, laqeydliyinə görə əsəbləşdi.

  1.  “Bostan oğrusu” hekayəsində Kərbəlayi Tapdığın bostanından

   üzümləri kim oğurlayır?
Kərbəlayi Tapdığın bostanından üzümləri qardaşı Durmuş kişi oğurlayır..
     3.   “Müalicə” hekayəsində həkim ananın azarını nə ilə izah edir?
Həkim ananın kənddən gəldiyi üçün, öz həmsöhbətlərindən ayrı düşdüyü üçün şəhər həyatına və təkliyə öyrəşə bilmədiyi üçün ürəyi darıxdığını oğluna başa salır. Oğlu isə elə bilirdi ki, anası xəstələnib.

  1.  “Leyla” hekayəsində Leyla niyə hər gün kimsəsiz, quru çölə yollanırdı? 

Leyla həyat yoldaşını bu çöldən cəbhəyə yola salmışdı. O yoldaşını     yenidən görmək ümidi ilə hər gün oraya gedirdi.     

  1. “Heykəl uçulanda” hekayəsində nədən danışılır?

Bu hekayədə vəzifə başında olan bəzi məmurların pis əməlləri nəticəsində öz övladlarına da pis tərbiyə vermələrindən söhbət açılır. Nəticədə zərər çəkmiş həm özləri, həm də öz doğmaları olur.

  1. “Ehtiram” hekayəsində nənənin qarşıladığı qonaqlar hardan gəlmişdilər?

Qonaqlar Bakıdan, Ehtiramın oxuduğu ali məktəbdən gəlmişdilər.
Sual-cavab viktorinasının sonunda kitabxanaçı oxuculara diqqətli olmalarına və hazırcavablıqlarına görə təşəkkürünü bildirir.
Bütün bu tədbirlərlə yanaşı kitabxanada oxucular tərəfindən yaxşı qarşılanan və sevilən ədəbi-bədii gecələrin keçirilməsi vacibdir. Ədəbi-bədii gecə müxtəlif adlar altında keçirilə bilər. Məsələn: “Həmişə yaşar müqtədir yazıçımız”, “Görkəmli alim, istedadlı yazıçı”, “Mir Cəlal-100”, “Müəllim haqqında söz”, “Ədibin nəsrinə məhəbbətlə” və s. başlıqlar altında verilə bilər. Belə yubiley tədbirlərinin keçirilməsi oxuculara yazıçının həyat və yaradıcılığı ilə tanış olmağa imkan verir,  hekayə və povestlərə  maraq oyadır. Həmçinin görkəmli yazıçımızın əziz xatirəsi yad olunur.


II Böımə:
”Qəlblərdə yaşayan Mir Cəlal” »

<< “Görkəmli nasir - Mir Cəlal”
<< Bütün metodik vəsaitlər