21 may 2010-cu ildə saat 12: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonunda 2010-cu il ekologiya ilinə həsr olunmuş ekoloji kitab bayramı keçirdi.Tədbiri keçirməkdə məqsədimiz təkcə ekologiyaya deyil, müxtəlif mövzulara dair ədəbiyyatın ictimaiyyətin diqqətinə çatdırılması, kitab bayramı ilə mütaliəyə maraq yaratmaq idi. Bu məqsədlə Xaçmaz rayonunda İstirahət parkı bayraqlar, şarlar, ekologiyaya aid ulu öndərimizin, prezidentimizin müdrik kəlamlarla olan plakatları ilə bəzədilmişdi. İstirahət parkının hər iki girəcəyində ekoloji kitab bayramının emblemi qoyulmuşdu. Parkın ərazisində müxtəlif mövzularda kitab sərgiləri (“Müstəqilliyimiz əbədidir, dönməzdir”, “Təbiəti qorumaq Vətəni qorumaq deməkdir”, “Dünyanı, Təbiəti, insanları qoruyaq!”, “Nə qədər gözəlsə bu meşə, bu dağ, İnsansız təbiət yetim kimidir.” Nəbi Xəzri”, “Mənim nağıllı dünyam”, “Təbiəti sevək, qoruyaq”, “Sağlam həyat tərzi keçirək”, “Ekologiya və biz”, “Təbiət bizim evimizdir”, “Yeddi rəngli kəmərim”, “ Təbiət - ən qiymətli kitabdır” və s.) təşkil olunmuşdu. Həmçinin “Ekologiya və biz” adlı rəsm müsabiqəsi üzrə göndərilən rəsmlərin sərgisi təşkil olunmuşdu. Tədbirdə iştirak edən bütün uşaqlara tədbirin emblemi çəkilmiş döş nişanları paylandı. Ekoloji kitab bayramında Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, nazirliyin kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İlqar Ağabalayev, Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev, Icra nümayəndələri, Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin işçiləri, bütün kitabxanalar, məktəblər, uşaq baxçaları, KİV nümayəndələri iştirak edirdi. Üç gün öncə keçirilmiş “Yurdumuzu gülüstana çevirək” adlı aksiyada Zərifə Əliyeva adına 8 saylı liseyin yuxarı sinif şagirdləri iştirak edərək zibilliklə olan geniş ərazini təmizləmiş və tədbirdə onların foto şəkilləri olan sərgisi nümayiş olundu. Uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Zahid Xəlil, Sevinc Nuruqızı, Nüşabə Məmmədli və başqaları iştirak edirdi. KİV nümayəndələrindən: Şəkər Villası, Mədəniyyət qəzetləri və Elli, Göyərçin, Bala dili, Cırtdan jurnalları iştirak edirdi. Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayev giriş sözü ilə çıxış edərək ekoloji kitab bayramını açıq elan etdi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva tədbirlə bağlı səhnəyə dəvət olundu. Tədbirin simvolik sulh rəmzi olan göyərçinlər və şarlar havaya qalxdı. Sevda xanım çıxış edərək kitab bayramlarının geniş səviyyədə keçirilməsindən, əhəmiyyətindən danışdı. Ekologiyaya aid Babayev Emin və Xəlilov Familin ifasında gözəl bir rep oxundu. Onlar çiyinlərində Azərbaycanın bayrağını daşıyaraq prezidentimizin 2010-cu ili doğrudan da ekologiya ili elan etməsi ilə bizləri – uşaqları, gəncləri, bütünlükdə hamını düşünməsindən, qayğıdan söz açdılar. Sonra nağıl qəhrəmanları uşaqların görüşünə gələrək onları kitab bayramı münasibətilə təbrik etdi, ana təbiətə qayğı ilə yanaşmaqdan, torpağa olan məhəbbətdən söz açdılar. Kiçik yaşlı uşaqlar kitab, təbiətin mühafizəsi ilə bağlı şeirlər söylədilər, mahnılar oxudular. Kitabxanaçılar təbiətdə davranış qaydaları ilə bağlı kiçik yaşlılarla viktorina keçirdi və viktorinada suallara düzgün cavab verənlər kiçik hədiyyələrlə mükafatlandırıldı.
Tədbirin sonunda “Ekologiya və biz“ adlı rəsm müsabiqəsi üzrə qaliblər elan olundu, diplom və hədiyyələrlə mükafatlandırıldı.

  • 1-ci yer İncəsənət məktəbinin IV sinif şagirdi Cəbrayılova Aytac
  • 2-ci yer Ləcət kənd orta məktəbi VI sinif şagirdi Haqverdiyeva Tavat
  • 3-cü yer İncəsənət məktəbinin IV sinif şagirdi Hüseynov Məhəmmməd
  • 4-cü yer İncəsənət məktəbinin II sinif şagirdi Zahirov Rüfət Xaçmaz rayon Mədəniyyət evinin özfaliyyət kollektivi tədbirdə maraqlı proqramla çıxış etdi, “Cırtdan” kukla teatrı, Mədəniyyət evi, Mədəniyyət və Turizm şöbəsi, Ə.Tahirov adına köhnə Xaçmaz məktəbi, Zərifə Əliyeva adına lisey, Mərkəzi Kitabxana Sistemi, uşaq kitabxanası tədbirdə fəal iştirakına görə diplomla təltif olundu.

    Tədbirin şəkilləri

    Bütün xəbərlər