02 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədlinin “Vicdan dustağı” kitabının təqdimat mərasimi oldu. Tədbirdə yazıçılardan kitabın redaktoru Firuzə Məmmədli, “Yazıçı qadınlar” jurnalının məsul katibi Nafilə Abuzərli, Mirvari Rəhimzadə, Xeyrəddin Qoca, İntiqam Mehdizadə, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Təhsil Nazirliyinin məsul katibi Südabə Həsənli, Ombusman əməkdaşlarından Ziba Məmmədova, Ailə və Uşaq Problemləri komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Laçın mədəniyyət evinin baş inspektoru Hacı Nizami, muzey və kitabxana əməkdaşları, jurnalistər iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq, Nüşaba xanım haqqında maraqlı məlumat verdi. Çıxışında bildirdi ki, oxucuların böyük marağına səbəb olmuş “Zəngulə” romanı, “Bu bir oyundur” kitabları Qarabağ mözvusunda yazılmış ən gözəl əsərlərdir. “Vicdan dustağı” kitabı yazıçının altıncı kitabıdır. Bu təqdimatdan sonra bir sıra məktəblərdə oxucularla kitab müzakirəsi keçirəcəyik. Sonra yazıçının əsərləri üzrə çıxışlar başladı. Tədbiri aparmaq söz ustadı Xeyrəddin Qocaya tapşırıldı.Çıxış edənlər əsərlə bağlı öz dəyərli fikirlərini bildirdilər: Yazıçı Qadınlar İctimai Birliyinin sədri Nüşabə Məmmədli Azərbaycan qadınlarının heç zaman faciələrdən sarsılmadığını, vətən yolunda ata, ər, qardaş və oğullarını şəhid verdiklərini, çətinliklərə mətanətlə sinə gərdiklərini nəzərə çatdırıb. ...Əslində onun yaratdığı əsərlər həyatımızın ibrət dərsləridir. Onlar bütün zamanlar üçün müasirdir, çünki onların mərkəzində insan və onun mənəviyyatı durur. Yazıçı təkcə oxucu yox, bütövlükdə cəmiyyət qarşısında sual qoyur? Sən vicdan nədir bilirsənmi? Vicdan çiynində daşıdığın yük deyil ki, onu daşıyasan. Vicdan səni bir ömürlük həyat yükündən qurtaran dirəkdir.
İnsanın, yazarın fantaziyası nə qədər güclü olur-olsun, o, reallıq qədər təsirli ola bilməz. Olsa da izsiz ötüşər və yadda qalmaz. Həyatı olduğu kimi görmək və göründüyü kimi əks etdirmək, — bu, Nüşabə yaradıcılığının əsas prinsiplərimdən biridir. Ona görə də həqiqəti həyatda axtardığı üçün elə qəhrəmanları da həyatın reallıqlarından yaranmışdır. Bu gün təqdimatına yığışdığımız “Vicdan dustağı” əsərini bir günə oxumasam da, Səltənət obrazının mənəvi aləminə baş vurub onun duyğularını, hisslərini hələ də yaşayıram. Əsər boyu onun həyatının bütün məqamları mənə toxunur, faciələri məni acıdır. Əgər bu obraz müasirimizdirsə mühitin qoxusunu onun nəfəsindən duyuruq. Yazıçı vicdanı donmuş Məlikdən fərqli olaraq Azərbaycan xalqının ən ali keyfiyyətlərindən olan xeyirxahlıq və mərhəmət hissini Füsünkar xanım obrazında verir. Xeyirxah əl Səltənətin əkiz qızlarına dayaq olur, onları ayağa qaldırır, həyatın çirkabında batmağa qoymur. Əsərlə bağlı çox sözlər, fikirlər söylənildi. Biz isə təkcə onu demək istəyirik ki, “Vicdan dustağı” kitabı yazıçıya çox böyük uğur qazandıracaqdır.
Təqdimatda çıxış edənlər bir daha Nüşabə xanımın bəziləri kimi, qafiyələnmiş cümlələri bir-birinin ardınca düzməklə “mənsur şeir” tərtib etməməsindən, onun şeirlərində od püskürən, yanar ürəyin olmasından danışdılar. Və bu ürək doğma yurd torpaqlarından yetim qalmış əyilməzlərin ürəyidir, qarı düşmənlə əlbəyaxa döyüşə hazır olan həmvətənlərimizin ürəyidir, bir sözlə, Nüşabə Məmmədli yanğısıdır.

Bütün xəbərlər