15 fevral 2010-cu il saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında istedadlı jurnalist, yazıçı, publisist İntiqam Mehdizadənin anadan olmasının 65 illiyi münasibətilə “Karvanın sarvanı..” kitabının təqdimat mərasimi oldu. Tədbirdə yazıçı Xetyrəddin Qoca, Teyyub Qurban, Nüşabə Məmmədli, Gülzar İbrahimova, Sevinc Nuruqızı iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açdı. O öz çıxışında “Dan ulduzu”, H.B.Zərdabi adına “Qızıl qələm” mükafatları laureatı İntiqam Mehdizadənin uzun müddət Azərbaycan radiosunda “Bulaq” verilişinin redaktoru haqqında oxuculara maraqlı məlumat verdi. Sonra söz Xeyrəddin Qocaya verildi. O da İntiqam Mehdizadənin yazılarındakı səmimiyyətdən danışdı. Publisist yazıçı Teyyub Qurban İntiqam Mehdizadə ilə bağlı xatirələrindən danışdı. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə xanım isə öz çıxışını X.Qocanın bu sözləri ilə başladı:
Gərək sevəsən ki, yazasan.
Mən sizləri sevdim, yazdım.
Bu sözləri İntiqam Mehdizadə yaradıcılığına da aid etmək olar. Müxtəlif illərdə Azərbaycan radiosunda səslənmiş, dövri mətbuatda dərc olunmuş materiallarını, yazılarını və səs yaddaşını təzələyərək bu gün oxucularının, kitabxanaçıların görüşünə gəlmişdir. Hətta kitaba ön sözü də 23 cümlə ilə özü yazmışdır. Bəlkə fikirləşmişdir ki, onun səs yaddaşını özündən başqa heç kəs onun kimi oxucularına çatdıra bilməz. Səslər karvanının sarvanı olaraq onları yollarda qoymadan, mənzilinə - oxucularına çatdırır. Kitabda adları çəkilən sənət adamlarının bəziləri həyatda olmasa da onların ruhu səhifələrdə, sətirlərdə yaşamaqla şad olublar. Bu kitabda istedadlı jurnalist İntiqam Mehdizadənin 35 ildən çox mədəniyyətin ayrı-ayrı sahələrindən bəhs edlən yazıları toplanıb. Mədəniyyət, elm, incəsənət xadimləri haqqında qələmə alınmış müsahibələri, məqalələri məni də o günlərə apardı. Mən də bir anlıq 3-cü şəxs kimi orada özümü təsəvvür etdim. Çünki həmin müsahibələr, verilən suallar o qədər insanı duyğulandırır ki, hər bir yazını söz-söz, cümləbəcümlə oxumaq istəyirsən. Bəzən isə təkrar-təkrar ora qayıtmaq istəyirsən. Bu da yazıçının qələbəsidir. Kitab sonluq əvəzi 6 cümlə ilə bitir. Yazıçı-jurnalist öz-özünə sual verir ki, görən mənzil başına gecikmirik ki? Oxucu kimi, deyərdim ki, yox gecikmirsiniz. Kaş həmişə Mülkə aparan yollarda olub, ali duyğularınızı bizə çatdırasızınız. Və bu yolda heç vaxt yorulmayasınız. Digər qonaqlar da yazıçını yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq uğurları dilədilər. Tədbirin sonunda söz müəllifə verildi. O səhnəarxası əhvalatlardan, müsahibələrindən, “Bulaq” verilişi ilə bağlı maraqlı söhbətlər etdi. Qarabağa həsr etdiyi şeirlər söylədi. Kitabxanaçılar onları maraqlandıran suallarla İntiqam müəllimə müraciət etdilər. İntiqam Mehdizadə “Karvanın sarvanı..” kitabına xatirə sözlərini yazaraq kitabxanaya hədiyyə verdi.

Bütün xəbərlər