Dekabrın 9-da saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında 2009-cu il Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı oldu. Tədbirdə uşaq yazıçı və şairləri, naşirləri, sərgidə iştirak edən dövlətlərin səfirliklərinin nümayəndələri, KİV nümayəndələri, nəşriyyatların redaktorları, kitabxananın işçiləri, məktəblilər, uşaq baxçasının məktəbə hazırlıq qrupunun uşaqları iştirak edirdi. Tədbiri keçirməkdə məqsədimiz kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə geniş oxucu kütləsinə göstərilməsi, ona maraq yaratmaqdan ibarət idi. Sərgidən sonra kitabxanaya hədiyyə veriləcək bu kitablar kitabxananın dünya uşaq ədəbiyyatı fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcəkdir. Türkiyə, Amerika, Böyük Britaniya, Almaniya, Yaponiya, Rusiya, Ukrayna, Belarusiya, Litva, İran, Hindistan, İtaliya, Polşa, Norveç, Bolqarıstan, Estoniya, İspaniya və digər ölkələrin səfirlikləri öz uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu. Tədbiri kitabxananın direktoru F.Quliyeva açdı. Səfirliklərdən nümayəndələr və uşaq yazıçıları, naşirlər sərgi ilə bağlı öz fikirlərini söyləyədilər, kitabxananın rəy dəftərinə öz fikirlərini yazdılar. Təxminən 1500-ə yaxın dünya uşaq ədəbiyyatı nümunələri sərgidə nümayiş etdirildi. Amerika səfirliyinin tərcümə layihəsi əsasında çap edilmiş azsaylı xalqların nağılları, “Göy qurşağı ” jurnalı, kitabxananın adı həkk olunmuş qələm və təqvimlər, Azərbaycan nağılları sərgi iştirakçılarına paylandı.
Sərgi 9-14 dekabra qədər davam edəcəkdir.

Tədbirin səkilləri

Bütün xəbərlər