F.Köçərli adına Respublika Uşaq Kitabxanası Quba rayonunda 2009-cu il – Uşaq İlinə və 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş Uşaq Kitabı bayramı keçirdi. Mərkəzi meydan şarlar, bayraqlar, kitabla bağlı şüarlar(“Kitablar – ilk sirdaşım”, “Kitab – mənəvi sərvətimizdir”) ilə bəzədilmişdi. Ulu öndərimiz H.Əliyevin uşaqların əhatəsində olan planşetlərinin qarşısında səhnə düzəldilmişdi. Mərkəzi meydanın bir tərəfində “Kitablarda mən hələ, baxıram şəkillərə...” adlı rəsm müsabiqəsində iştirak edən iştirakçıların rəsmləri nümayiş olunmuşdu. Meydana girəcəyin hər iki tərəfində kitab sərgiləri “Heydər Əliyev və uşaqlar”,“Bir dünya təbəssüm, bir dünya sevinc”,“Göydən üç alma düşdü”,“Biri var idi, biri yox idi”, “Təbiət bizim evimizdir”, “Mənim nağıl dünyam”, “Sirli sehrli nağıllar aləmində”, “Sənin maraq dünyan”, “Mənim sevimli kitablarım”, “Nənələrin boxçasından”, “Bakı- İslam mədəniyyətinin paytaxtı(2009)”, “Sənin qəzet və jurnalların”, “Milli dəyərlərimizi qoruyaq”, “Çox oxuyan, çox bilər”, “Bizə uşaqlığımızı qaytaran kitablar”, “Unudulmuş kitablar” və s. ) təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə Quba rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri açaraq, sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədovaya verdi. Sonra, Quba Rayon İcra Hakimiyyətinin başçısı R.Həbibov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva çıxış etdi. Uşaqların sevimli nağıl qəhrəmanlarından Tıq-Tıq xanım, Siçanqulu bəy, Div, Cırtdan, Göyçək Fatma, Məlikməmməd faytonla meydana gələrək uşaqları bayram münasibətilə təbrik etdilər. Uşaq yazıçı və şairlərindən - Ələmdar Quluzadə, Nüşabə Məmmədli, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova və b. uşaqlarla görüşdülər, kitablarından uşaqlara hədiyyə verdilər. Milli geyimdə 2 oxucu uşaqların arasında “Boxçadan suallar” adlı viktorina keçirdi. Suallara cavab tapanlar kiçik hədiyyələrlə mükafatlandılar.
Rəsm müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandılar. F.Köçərli adına Respublika Uşaq Kitabxanası Quba rayon uşaq kitabxanasına 60 nüsxə uşaq kitabları hədiyyə etdi. Tədbir bütün televiziya kanallarında işıqlandırıldı.


Tədbirin səkilləri

Bütün xəbərlər