06 yanvar 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədlinin “Bu bir oyundur” və “Göylərdə keçən ömür” kitablarının təqdimat mərasimi oldu. Tədbirdə yazıçılardan Ənvər Əhməd, Fazilə Qaraxanqızı, Nafilə Abuzərli, Şövkət Zərin Horovlu, Mirvari Rəhimzadə, şair Fariz Çobanoğlu, Eldar Səfa, İsgəndər Etibar, Teyyub Qurban, bir çox iş adamları, muzey və kitabxana əməkdaşları, jurnalistər iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq, Nüşaba xanım haqqında maraqlı məlumat verdi. Oxucuların böyük marağına səbəb olmuş “Zəngulə” romanı, onun davamı olan ”Damğa, danlaq, sükut...”, indi isə təqdim olunan “Bu bir oyundur” kitabları Qarabağ mözvusunda yazılmış ən gözəl əsərlərdir. Sonra yazıçının əsərləri üzrə çıxışlar başladı. Doğma Qarabağın başı üstünü qara buludlar alanda Uzaq Sibirdə daxili işlər orqanlarında yüksək vəzifələrdə işləmiş həyat yoldaşı ilə birlikdə Nüşabə xanım balaca oğlunu bağrına basaraq, Vətənə dönmüş, birbaşa cəbhə bölgəsinə tələsmişdir...Yazıçının “Bu bir oyundur” (redaktoru Atababa İsmayıloğludur) kitabındakı “Qarabağdan gələn səslər” və “Sənədli hekayələr” fəsillərində Qarabağ yanğısı təsirli əksini tapmışdır. "Bu bir oyundur" hekayəsində Ağdamdan ermənilərə əsir düşmüş rus dili müəlliməsi Biganənin və beş yaşlı qızı Təbəssümün başına gətirilən olmazın əzablar təsvir edilmişdir. Yurda sədaqət, düşmənə nifrət! Kitabdakı “Bayraq, papaq və həqiqət”, “Oğluma”, “Dünyanın “Papaq aldı-qaç oyunu”” hekayələrində bu iki hiss bədii həllini tapmışdır. İstedadlı qələm sahibi və ictimai xadim olan Nüşabə Məmmədli “Göylərdə keçən ömür” sənədli povestini igid, məğrur, vətəndən çox uzaqlarda azərbaycanlı adını daim uca tutan iş adamı Savalan Cəfərova həsr etmişdir. Kitabın təqdimatında Savalan bəy müəllifə öz təşəkkürünü bildirdi və kitabın necə ərsəyə gəlməsindən danışdı. “Yrək-ürək”, “Mənim nağıl dünyam”, “Bağışlayardım...”, “Sənin xətrinə” və başqa mənsur şeirlər söylənildi. Təqdimatda çıxış edənlər bir daha Nüşabə xanımın bəziləri kimi, qafiyələnmiş cümlələri bir-birinin ardınca düzməklə “mənsur şeir” tərtib etməməsindən, onun şeirlərində od püskürən mühərrikin - ürəyin olmasından danışdılar. Və bu ürək doğma yurd torpaqlarından yetim qalmış əyilməzlərin ürəyidir, qarı düşmənlə əlbəyaxa döyüşə hazır olan həmvətənlərimizin ürəyidir, şair Famil Mehdinin məzar torpağını tərpədən sinəsindən qopan zəlzələdir, bir sözlə, Nüşabə Məmmədli yanğısıdır.

Tədbirin səkilləri

Bütün xəbərlər