25 dekabr 2008-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının 1 saylı filialının təşəbbüsü ilə İncəsənət Gimnaziyasında şair Ramiz Rövşənlə görüş keçirildi. Gecədə elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova, 1 saylı filialın müdiri Fərqanə Quliyeva, şair və kitabın redaktoru Mahir Qarayev, şair Ənvər Rəsulbəyli, rejissor Ənvər Əbluc, Yuğ teatrının aktrisası Gülzar İbrahimova, rəssam Ələkbər Muradov, Konservatoriyanın tələbələri iştirak edirdi. Tədbirdə uşaqlar “Qapı” tamaşası və “Qara paltarlı qadın”, “Bağışla”, “Adam” şeirləri əsasında səhnəcik göstərdilər. 19-dan çox filmin ssenarisini yazmış Ramiz Rövşənin “Babamın babasının babası”, “Süd dişinin ağrısı” filmlərindən kadrlar nümayiş etdirildi. İncəsənət Gimnaziyasının direktoru Mahuzər xanım Şabanbəyova kitabxana ilə gimnaziyanın birgə tədbirlərindən söz açdı və keçirilən tədbir üçün kitabxananın kollektivinə öz minnətdarlığını bildirdi. Kitabxananın direktor müavini Zahirə xanım çıxış etdi: “ Bu gün biz Ramiz Rövşən şeirlərinin işığına toplaşmışıq. Onun şeirlərində Fizuli, Nəsimi, Xətai ruhu, nəfəsi var. Bəlkə ona görədir ki, onların ruhu Ramiz Rövşəni qoruduğundan bu boyda xalqın yükünü o çiyinlərində tuta bilir, daşıya bilir. Oxucular onun “Gedək biz olmayan yerə”, “Nəfəs” kitablarını sevə-sevə oxuyurlar. “Nəfəs” kitablar kitabında şairin şeirləri sözlərdən hörülmüş evə bənzəyir. Bu kitabın kitabxanaya gəlməsi köhnə oxucularını sevindirməklə yanaşı, kitabxanaya yeni-yeni oxucular da gətirdi. O şeirlərinə nəfəs verməklə onları biz oxucular üçün daim yaşarlı, əbədi etdi. Nizami, Füzuli, Nəsimi və s. klassiklərimizin əsərlərinin nəfəsindən neçə yüz ildir nəfəs aldığımız kimi, Ramiz Rövşənin verdiyi nəfəslə də hələ neçə yüz il yaşayacaq. Nə yaxşı ki, Ramiz Rövşənimiz var. Əziz şairimizi ürəkdən salamlayır, uzun ömür, can sağlığı arzulayırıq! Hələ neçə-neçə yeni kitabları ilə oxucuları sevindirməyi diləyirik! “ Böyük sevinclə şairin görüşünə gələn uşaqlar söylədikləri şeriləri ilə şairi sevindirdilər. Tədbirin sonunda uşaqlar “Ulduzlu göylərin altında” adlı kitab sərgisində şairin kitabları ilə və sərgidə öz əksinin tapmış Cəlaləddin Ruminin “Məsnəvi”sindən hikmətli kəlamlar ilə tanış oldular: • Aşiqlərin könüllərinin yanması və göz yaşları olmasaydı dünyada nə su olardı, nə də od. • Görürsənmi, məni qəmdən başqa kimsə xatırlamır. Qəmə min dəfə afərin. • İnsan böyük bir şeydir və içində hər şey yazılıdır. Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun. • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində inci var!

Tədbirin səkilləri

Bütün xəbərlər