F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər və incəsənət şöbəsi noyabrın 6-da Bayraq gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə “Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illustrasiyalı kitab müsabiqəsinə qatılan bütün uşaqlar iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları kitabxananın oxu zalında təşkil olunmuş müsabiqə iştirakçılarının İllustrasiyalı kitabları ilə, sonra isə Bayraq gününə həsr olunmuş “Bayrağımın rəngləri gözümüzə nur verir” adlı kitab sərgisi ilə tanış oldular. Tədbir Azərbaycanın himni ilə başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Zahirə Dadaşova açaraq Bayraq Günü ilə əlaqədar ətraflı məlumat verdi və çıxışında qeyd etdi ki: Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Bayrağı yenilməz edən millətin övladlarıdır. Fəxr, qürur duyduğumuz bayrağımız uğrunda canından keçən oğullarımız az deyil.
Bayraq- Vətən deməkdir,
Vətən onun varlığı.
Vətən yoxdursa əgər,
Yoxdur onun bayrağı.
“Bir kərə yüksələn bayraq bir daha enməz!” Yüz ilə yaxın bir zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun acıları içində bu kəlamla bir ümid işığı yandırılmışdı. Və gün gəldi bu bayraq bir də heç bir zaman enməyəcəyinin təsdiqi kimi göy üzünün ənginliklərində ucaldı. 2010-cu ilin 1 sentyabr günü Xəzərin sahilində göylərə yüksəlmiş- dünyanın ən uca bayrağını azad səmalarda cilvələnən nur seli ilə Azərbaycan adlı ATA yurdunda əbədi işıq yandırdı.
Azərbaycan bayrağı bu gün dünya dövlətlərinin bayraqları ilə yanaşı BMT qarşısında dalğalanır. Azərbaycan bayrağı yüksələndə və Azərbaycan Respublikasının himni səslənəndə hər bir Vətən övladı duyğulanır, ümummilli liderimiz, ulu öndərimizin sözləri ilə desək, Azərbaycanlı olduğumuz üçün fəxr edirik. Hər bir Azərbaycanlı onu qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır. İnanırıq ki, tarixin bütün dönəmlərində qalib çıxmış Azərbaycan bayrağı tezliklə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda dalğalanacaqdır. Bəli, biz Azərbaycanın sabahı olan yeniyetmələr inanırıq ki, hər addımında siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız çox keçməz ki, yaxın zamanda Xankəndinin mərkəzi meydanında və Vətənimizin tacı sayılan, Üzeyir yurdu- Şuşanın başı üzərində əzəmətlə dalğalanacaqdır.
Tədbir iştirakçıları həmçinin Bayraq gününə həsr olunmuş filmə tamaşa etdilər. Tədbirdə XXI əsr məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər, Bakı Modern Məktəbinin və Nəsimi rayonundakı 164 saylı məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Və nəhayət Bayraq gününə həsr olunmuş İllustrasiyalı Kitab müsabiqəsi qaliblərinin adları açıqlandı. Münsiflər heyəti tərəfindən seçilmiş “kitabların” müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Tədbirdə iştirak edən bütün oxuculara kitabxananın təsis etdiyi “Göy qurşağı ” uşaq jurnalı və kitablar hədiyyə edildi. Qaliblərlə xatirə şəkilləri çəkildi.
“Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illustrasiyalı kitab müsabiqəsinin qalibləri ilə tanış olun:
I yer- Düzgün kitab tərtibatı nominasiyasına görə, Səbail rayonu, 7 saylı orta məktəb
II yer- Ən yaxşı əl işi nominasiyasına görə, Bakı Modern Məktəb
III yer -Əlyazma kitab nominasiyasına görə, N.Nərimanov rayonu 212 saylı məktəb
IV yer- Oxucu seçimi nominasiyası üzrə, Yasamal rayonu 53 saylı məktəb
20-dən çox Bakı məktəblərinin qatıldığı bu müsabiqə Zülfiyyə Xanbabayevanın ifasında Azərbaycan mahnısı ilə yekunlaşdı. Müsabiqədə yer tutmadıqlarına görə məyus olan dostlarımız! Əsas müsabiqədə iştirak etməkdir. Sən müsabiqədə iştirak etdin, üçrəngli bayrağımızın tarixi haqqında daha çox məlumata malik oldun. Sən yer tutmadınsa da sənin dostun yer tutdu. Bunun üçün yalnız sevinmək lazımdır. Gəlin, başqasının qələbəsinə sevinməyi bacaraq!


Tədbirin səkilləri
Bütün xəbərlər