22-24 sentyabr 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova və elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Rusiya Dövlət Uşaq Kitabxanasının dəvəti ilə “Ədəbiyyat ili: Uşaq mütaliəsi kitabxana məkanında” adlı beynəlxalq konfransda iştirak etdilər. Konfransın açılışında Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin elm, təhsil, kitabxana və arxiv şöbəsinin müdiri Quseva Yevgeniya Nikolayevna, vilayət uşaq kitabxanaların direktorları, Moskva Kitab Ticarəti Şəbəkəsinin direktoru, Rusiya uşaq yazarları, bir çox uşaq dövri mətbuatının əməkdaşları, nəşriyyat işçiləri, o cümlədən MDB dövlətlərindən Azərbaycan, Belarusiya, Ukrayna, Ermənistan, Qazaxıstan, Moldova, Latviya Milli Uşaq Kitabxanalarıının əməkdaşları və virtual şəbəkə vasitəsilə 300-dən çox Rusiyanın müxtəlif əyalətlərində yerləşən uşaq kitabxanaları iştirak edirdi. Konfrans keçirilən müddətdə Rusiya Dövlət Uşaq Kitabxanası ilə daim sıx əməkdaşlıq edən uşaqların sevimli jurnalı olan “Klyopa”nın 25 illiyi geniş qeyd olundu. Konfransda Uşaqlara Kitabxana Xidməti Beynəlxalq Assosasiyasının üzvü Cunko Yokata (ABŞ, Çikaqo) “Uşaq ədəbiyyatı müasir dünyada: uşaqlar nə oxuyur” adlı çıxışı ilə yadda qaldı. Həmçinin ABŞ İllionis universitetinin professoru Uilyam Til “Kiçik yaşlı uşaqlarda ədəbiyyata marağın formalaşması” adlı məruzəsində bunun yollarını açıqladı. vÇıxışlardan belə nəticə əldə etdik ki, həqiqətən də uşaqların mütaliəsində ailə , məktəb başlıca rol oynasa da onların düzgün formalaşmasında məhz uşaq kitabxanalarının rolu böyükdür. Konfransda hər bir vilayət uşaq kitabxanası il ərzində həyata keçirdikləri layihələlərdən, digər dövlətlərlə əməkdaşlıqlarından söhbət açmaqla yanaşı uşaq ədəbiyyatının vacib olmasını da vurğuladılar. Leninqrad Vilayət Uşaq Kitabxanası “Dostluğun kitab rəfi ” layihəsinin ilk olaraq Azərbaycanla keçirməsindən geniş söhbət açdı, bu münasibətlə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayeva yüksək kürsüdən öz minnətdarlığını bildirdi. Konfransın ikinci günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaqların mütaliəyə cəlbi: Mütaliə haqqında düşüncələr” adlı çıxışında son illərdə kitabxananın bir çox dövlətlərlə əməkdaşlığından bəhs etməklə yanaşı, mütaliə cəlb etməyin yeni forma və metodlarını da göstərdi. Çıxış çarxlı slaydlarla nümayiş olunduğundan daha çox auditoriyanı özünə cəlb etdi. Virtual əlaqədə olan kitabxanaçılar maraqlı suallarla məruzəçiyə müraciət etdilər. Konfransın ikinci hissəsindən sonra bir çox vilayət uşaq kitabxanalarının (Nijniy Novqorod, Saratov, Çelyabinsk, Perm, Xakasiya, Rostov) direktorları F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlıq etməyi təklif etdilər. Əməkdaşlıq etməkdə əsas məqsəd Azərbaycan Uşaq Ədəbiyyatı Fondunu yaratmaqla, həmin diyarda yaşayan Azərbaycanlı uşaqlara kömək etmək, bu sahədə oxucu mütaliəsinə düzgün rəhbərlik etməklə kitab və kitabxana imicinin artmasına nail olmaq idi.
Konfransın son günündə MDB ölkələri Milli Uşaq Kitabxanalarından gələn əməkdaşlar üçün Dəyirmi masa təşkil olundu. Dəyirmi masada əsas məsələ beynəlxalq dövlətlərarası birgə layihələrin həyata keçirilməsi ilə uşaq psixologiyasının düzgün formalaşdırılması, tolerantlıq hislərinin artması, sülh şəraitində uşaqların böyüməsində kitabın təbliğindən istifadə etmək idi.
Rusiya Dövlət Uşaq Kitabxanasının ənənəvi olaraq hər il keçirdiyi bu müşavirə öz hədəqəsindən çıxaraq daha geniş şəkildə qeyd olunaraq Beynəlxalq Müşavirə səviyyəsində qeyd olundu.
Konfransdan yüksək təəssüratla vətənə döndük.


Tədbirin səkilləri
Bütün xəbərlər