10 sentyabr 2015- ci ildə Amerika Birləşmiş Ştatları Səfirliyinin İnformasiya Resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin İctimai əlaqələr şöbəsinin Maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Qonaqlar kitabxanaya səyahət edərək bütün şöbələrin işi ilə tanış oldular, Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik mərkəz kimi fəaliyyət göstərən kitabxanamızın işini bəyəndilər. Kitabxananın direktoru Şəhla Qəmbərova kitabxanada oxucu sorğularına tələbat olan kitabların elektron tam mətninin hazırlanaraq oxucuların istifadəsinə verilməsi, Beynəlxalq Uşaq Kitabı Şurasına üzv olmaqla Azərbaycan uşaq yazarlarını dünya uşaq oxucularına tanıtmağımız haqqında ətraflı məlumat verdi. Xanım Hollini ən çox maraqlandıran Nağıl otağı oldu. Şəhla xanım qonağa bütün regionlarda kitabxanaların uşaq şöbələrində Nağıl otaqlarının açılmasından danışdı. İxtisasca kitabxanaçı olan xanım Murten kitabxanamızın beynəlxalq əlaqələri, sənədlərin elektronlaşdırılması və s. ilə maraqlandı. Görüşün sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanası 50 illik yubileyi ərəfəsində “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası altında nəşr olunmuş “Firidun bəy Köçərli”, “İlyas Tapdıq” biblioqrafiyasını və F.Köçərlinin 150 illik yubileyinə həsr olunmuş “Balalara hədiyyə ”, ingilis dilində “Azərbaycan nağılları” kitabını qonağa hədiyyə etdi.


Tədbirin səkilləri
Bütün xəbərlər