22 may 2015-ci il saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Milli Kitabxananın konfrans zalında “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərliyə həsr olunmuş “Firidun bəy Köçərli: Biblioqrafiya” adlı kitabın təqdimatını keçirdi. Tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri və xidmətləri olan F.Köçərlini bir daha yad etmək və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının ədəbi-bədii irsinə dair toplanmış bütün materillarla tanış etmək, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi ərəfəsində çap olunmuş kitabı təqdim etməklə kitabxana və onun fəaliyyəti haqqında bütün kitabsevərləri maarifləndirməkdir. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən mükəmməl olaraq, nəfis tərtibatlı ilk biblioqrafiyanın nəşri münasibətilə kitabxana əməkdaşlarını təbrik edərək qeyd etdi ki, bu göstərici “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası adı altında buraxılan ilk kitabdır. F.Köçərliyə həsr olunmuş sənədli filmin nümayişindən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış etdi. Çıxışında kitabxananın 50 illik yubileyi ərəfəsində gördüyü işlərdən, tədbirlərdən söz açmaqla kitabxananın əməyini qiymətləndirdi, kollektivə bütün işlərində uğurlar arzuladı. “Firidun bəy Köçərli: Biblioqrafiya” kitabına ön söz yazmış Azərbaycan Milli EA-nın Nizami adına Ədəbiyyat İnstitunun Yeni dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri Zaman Əsgərli kitabın tərtibatçılarının gərgin əməyinin bəhrələrini qiymətləndirərək, bu kitabın gələcəkdə alimlər, tədqiqatçılar, geniş oxucu kütləsi üçün lazımlı, qiymətli vəsait olduğunu vurğuladı. Sonra “Firidun bəy Köçərli: Biblioqrafiya” adlı kitabın redaktoru F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək kitabın tərtibçisi olmuş F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri Nazilə Tahirovaya və Leyla Qafarovaya təşəkkür etdi və çıxışında bildirdi ki, bu gün biz bu kitabı ərsəyə gətirməklə Azərbaycan tarixinin yorulmaz, fədakar, vətənpərvər tədqiqatçısı, pedaqoq F.Köçərlinin ruhu qarşısında azacıq da olsa xidmət etmiş olduq. 2013-cü ildə kitabxanamız ədibin 150 illik yubileyi ilə bağlı onun “Balalara hədiyyə” kitabını Mədəniyyət və Turizm Nazirliyini təşkilati dəstəyi ilə nəfis tərtibatla nəşr edib geniş oxucu auditoriyasına təqdim etmişdi. Bu il isə daha məhsuldar işləyərək, gərgin təqdiqat işi apararaq biblioqrafik göstəricinin nəşrinə nail olduq. Təqdimatda F.Köçərli yaradıcılığına həsr olunmuş “Vətən, millət fədaisi” adlı kitab sərgiləri, video çarxlı slaydlar göstərildi. Digər qonaqlar da - Bakı Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru Alxan Bayramoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Yaqub Babayev və Elman Quliyev, Əməkdar jurnalist Flora Xəlilzadə, uşaq ədəbiyyatı tədqiqatçısı və tərcüməçi alim Fizuli Əsgərli, Azərbaycan Milli EA-nın Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova gözəl çıxışları ilə kitabxana rəhbərliyinə təşəkkür etdilər. Tədbir iştirakçıları – uşaq yazarlarından Reyhan Yusifqızı, Bakı şəhəri üzrə Mərkəzi Kitabxana Sistemi nəzdində fəaliyyət göstərən kitabxana əməkdaşları, KİV nümayəndələri gözəl tədbirə görə rəhbərliyə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirdi. Bütün iştirakçılara “Firidun bəy Köçərli: Biblioqrafiya” kitabı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər