14 may 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı Yasamal rayonundakı 176 saylı məktəblə birgə Firidun bəy Köçərlinin anadan olmasının 152 illiyinə həsr olunan “Uşaq folklor antalogiyasının banisi” adlı tədbir keçirdi. Tədbirdə Təhsil şöbəsindən Sitarə müəllimə, məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbir Azərbaycanın himni ilə başladı, sonra isə ssenari üzrə davam etdi. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Z.Dadaşova açaraq ölkə Prezidentinin verdiyi sərəncamla əlaqədar keçirilən tədbirlərdən, F.Köçərli həftəsinin kitabxanada hər il keçirilməsindən söz açdı. O, həmçinin öz çıxışında qeyd etdi ki, ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə” ilə sizlərə ərməğan etmişdir.
Foyedə təşkil olunan “Uşaq folklor antalogiyamızın banisi” adlı kitab sərgisi və çarxlı slaydlar musiqi altında təqdim olundu. Tədbirdə uşaqlar F.Köçərli yaradıcılığını geniş şəkildə təqdim etdilər. IIa sinif şagirdlərinin ifasında “Tıq-Tıq xanım”, “Şəngül, Şüngül və Məngül” nağılları, yanıltmaclar, sanaçı sözlər, nəsihətlər söyləndi, uşaq oyunları göstərildi. “Yallı”, ”Lalələr” rəqsləri ifa olundu. Yüksək aktyorluq qabiliyyətinə malik olan uşaqların çıxışları qonaqları heyran etdi. Təhsil şöbəsinin nümayəndəsi Sitarə xanım öz çıxışında qeyd etdi ki, bu gün gözəl çıxışlarınız ilə onun ruhunu şad etdiniz. Buna görə də hamınıza çox saq ol deyirəm.
Tədbirin sonunda bütün şagirdlərə “Göy qurşağı” uşaq jurnalı və kitablar hədiyyə edildi, xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər