4 may 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Behbudov adına Mahnı Teatrında Alman Faşizmi üzərində qələbənin 70 illiyinə həsr olunmuş Rus Uşaq Ədəbiyyatı Həftəsi keçirdi. Həftənin açılışında müxtəlif başlıqlar altında rus uşaq kitabları, əl işləri sərgisi nümayiş olundu. Tədbiri keçirməkdə əsas məqsəd uşaqları rus xalqının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə mədəniyyəti aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, maarifləndirmək idi. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən,Kaspi qəzetindən, Rusiya Mədəniyyət Mərkəzindən nümayəndələr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi və nəşriyyat işi şöbəsinin bölmə müdiri Lətifə Məmmədova, uşaq yazarlarından Zahid Xəlil, Gülzar İbrahimova, Solmaz Amanova, Aygün Bünyatzadə, Fizuli Əsgərli, Reyhan Yusifqızı, Səbail rayonundakı 7, 8, 160 və digər saylı məktəbin şagirdləri iştirak edirdi. Tədbirin açılışında qonaqlardan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini Konnov Aleksev Valentinoviç, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyat işi şöbəsinin bölmə müdiri Lətifə Məmmədova çıxış edərək bugünki tədbirin əhəmiyyətindən, mütaliənin rolundan geniş bəhs etdilər. Yasamal rayonundakı 24 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupu gözəl, şən rəqsləri ilə tədbirə rəng qatdı. Rus Uşaq Ədəbiyyatı Həftəsini Xətai rayonu 3 saylı Uşaq Evi təqdim etdi. Onların hazırladıqları rus uşaq nağılları əsasında təqdimat iştirakçıların sevincinə səbəb oldu. “Pətək” İctimai Birliyinin kukla teatrının əməkdaşları rus xalq nağılı “Qoğal”ı müasir quruluşda uşaqlara göstərdilər. Tədbir iştirakçıları “Rusiya - Azərbaycan”, “Biz birlikdəyik” video çarxlı slaydlara tamaşa etdilər. Tədbirdə iştirak edən bütün uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, vizit kartı hədiyyə olundu.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının keçirdiyi Rus Uşaq Ədəbiyyatı Həftəsinin digər günləri isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan kitab sərgiləri ilə 8 may 2015-ci il tarixə qədər davam edəcək.


Tədbirin səkilləri
Bütün xəbərlər