27 aprel 2015-ci ildə Misir Mədəniyyət Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım Qəmbərova, uşaq yazarları Reyhan Yusifqızı və Gülzar İbrahimova , həmçinin kitabxananın bir sıra əməkdaşları görüşdə iştirak etmişlər. Tanışlıq və əməkdaşlıq məqsədi daşıyan görüş zamanı Mərkəzin müdiri Əhməd Sami Elaydi Misir Mədəniyyət Mərkəzinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, Azərbaycan və Misir arasında mədəni əlaqələrdən söhbət açmışdır. Misirin qabaqcıl ali təhsil ocaqlarından olan Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisindən danışan Əhməd Sami Elaydi bu universitetdə ölkəmizə aid guşənin yaradılacağından da söhbət açmışdır. Mərkəzin rəhbəri Azərbaycan haqqında Misir xalqının çox məlumatlı olduğunu, ölkəmizin tarixi, Qarabağ həqiqətləri barədə bir sıra əsərlərin, məqalələrin ərəb dilinə tərcümə edilərək oxuculara çatdırıldığını bildirmişdir.
F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla xanım Qəmbərova da öz növbəsində Respublika Uşaq Kitabxanasının yaranma tarixindən, kitabxananın uşaq ədəbiyyatının inkişafında mühüm xidmətlərindən danışmışdır. Uşaq ədəbiyyatının inkişafının vacibliyini vurğulayan tərəflər bu sahənin inkişafı üçün bir sıra təkliflər irəli sürərək müzakirə etmişlər. Təkliflər arasında Misirdən uşaqlar üçün hekayə və nağıl yazarlarının dəvəti, Respublika Uşaq Kitabxanasında Misir guşəsinin yaradılması, kitabxanada uşaqlar üçün Misir mədəniyyətini əks etdirən sərgilərin təşkili, Misir uşaq nağıllarının və hekayələrinin Azərbaycan dilinə tərcümə olunması, Nağıl saatlarında Misir nağıllarının təqdimatı və s. təkliflər müzakirə olunmuşdur. Sonra F.Köçərli adına Respublika Uşaq kitabxanası adından Misir Mədəniyyət Mərkəzinə F.Köçərlinin "Balalara hədiyyə” və , Azərbaycan xalçaçılığlnı əks etdirən “Azərbaycan xalçaları” kitabı, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilmişdir.
Misir Mədəniyyət Mərkəzinin bir çox sahələri əhatə edən 7 mindən çox zəngin fonda malik olan kitabxanası ilə tanış olan uşaq yazarları və kitabxana əməkdaşları yaxın zamanlarda burada elektron bazanın yaradılması sahəsində aparılan işlər barədə də məlumat əldə etmişlər. Görüş xoş təəssüratlarla yadda qalmış və xatirə şəkillərinin çəkilişi ilə başa çatmışdır.


Tədbirin səkilləri
Bütün xəbərlər