17-18 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin 2015-ci ilin I yarısı üçün təsdiqlənmiş iş planının 6.41 maddəsi əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Uşaq kitabxanalarında “Nağıl otaq”larının fəaliyyətinin genişləndirilməsi ilə bağlı Qarabağ zonası üzrə (Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Xocavənd, Füzuli, Laçın, Xocalı) kitabxanaçıları üçün “Uşaq dünyasında kitabxananın rolu” adlı seminar-məşğələ keçirilmişdir.
Seminarda müxtəlif başlıqlar altında kitab sərgiləri, Nağıl otağında barmaqcıqlı kukla teatrı, video çarxlı slaydlar nümayiş olunmuşdur. Bu tədbirin əsas məqsədi respublikanın şəhər (rayon) Mərkəzi Kitabxanalarının uşaq şöbələrində Nağıl otağının yaradılması, kiçik yaşlı uşaqların kitabxanaya cəlb edilməsi, nağıl saatında uşaqlarla müxtəlif maraqlı oyunların, kitabxana dərslərinin keçirilməsinin düzgün təşkilidir. Seminarda təkcə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iş təcrübəsindən deyil, digər ölkələrin də bu sahədəki fəaliyyətindən söhbət açılmışdır.
Seminar məşğələdə hər bir iştirakçıya kitabxananın bukleti, vizit kartı, “Gələcəyə baxış:Uşaq dünyasında kitabxananın rolu” adlı elmi metodik vəsait, “Uşaq hüquqları”, “Gənc ana və uşaqların maarifləndirilməsi”, “Tolerantlıq” mövzularında tövsiyə biblioqrafiyası, seminarın proqramı və dəftərxana ləvazimatı verilmişdir.
Seminarı giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açmış və “Kənd kitabxanalarında oxuculara xidmət işinin təşkili metodları” mövzusunda çıxış etmişdir. Sonra kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova “Uşaq dünyasında kitabxananın rolu”, avtomatlaşdırma şöbəsinin müdiri Vəfa Ağamirzəyeva “Elektron kitabxana və elektron nəşrlər”, elmi metodika şöbəsinin müdiri Ruhiyyə Məmmədli “İnformasiya cəmiyyətində uşaq kitabxanaları” və xidmət şöbəsinin müdiri Könül Niftiyeva “Nağıl otağında dərslərin keçirilməsi” mövzusunda məruzə etmişlər. Seminarın sonunda kitabxananın elmi-metodika şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçıları arasında rəy sorğusu keçirilərək təhlil olunmuşdur. Seminar məşğələsində fəal iştirak edən dinləyicilərə sertifikatlar verilmişdir. Seminar-məşğələlər yüksək səviyyədə keçmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər