13 aprel 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi Binəqədi rayonundakı 144 saylı orta məktəbdə kitabxananın fəal oxucusu VII sinif şagirdi, gənc rəssam Surxay Nadirzadənin Ulu öndərin 92-ci ildönümünə həsr olunmuş “Surxayın maraq dünyası” adlı fərdi sərgisinin təşkilində iştirak etmişdir. Tədbirdə “Milli mənəvi dəyərlərimiz” başlığı altında kitab sərgisi nümayiş olunmuşdur. Keçirilən tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin məsul işçiləri ,“Məşəl” ictimai birliyindən bir qrup Qarabağ müharibə veteranı, “Təhsil və zaman”, “Təhsil problemləri” qəzətlərinin redaktorları, T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Kəmalə Cəfərova, Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov, “Təsviri qalareya”, 42 saylı diyarşünaslıq mərkəzinin direktorları , Surxayın rəsm müəlliməsi Sara Əfəndiyeva, valideynləri və məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Sərgidə istedadlı gənc rəssamın portret, qrafika, peyzaj və digər janrlarda ümumilikdə 75-dən çox əsəri nümayiş olunmuşdu. Bir çox müsabiqələrin qalibi olan Surxay çəkdiyi rəsmlərdə əsasən təbiət, onun gözəllikləri, gözəlliyin insan üçün əhəmiyyətini qabartmış, vətənpərvərlik mövzusunda rəsmlərə üstünlük vermişdir. Bir neçə tablosunda isə diqqəti daha çox ekoloji problemlərə, onun əsas səbəbkarı müharibəyə yönəltmişdir. Tədbir rəngarəng proqramla başladı, sərginin qırmızı lentini Surxay özü kəsərək qonaqları dəvət etdi. Rəngarəng proqramda məktəbin rəqs kollektivi çıxış etdi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Həcər xanım açaraq vurğuladı ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsində məktəblərin böyük rolu vardır. Artıq Surxay məktəbin fəxri şagirdidir. Onun qazandığı uğurlara biz həmişə sevinirik və fəxr edirik. Sərgidə iştirak edən rəssam və digər nümayəndələr gənc rəssamın işini qiymətləndirmiş, ona yaradıcılıq uğurları diləmişlər. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də Surxayın sərgisindən məmnun qaldıqlarını bildirmiş, məktəbdə istedadlı uşaqlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə öz təşəkkürünü bildirmişdir. Surxayın anası Günel xanım çıxışında bildirdi ki, Surxay hələ 3 yaşından öz istedadı ilə yaşıdlarından seçilib. Surxay ilk rəsm dərslərini Tofiq İsmayılov adına Uşaq Gənclər yaradıcılıq sarayında Sara Əfəndiyevadan almışdır və bu günə kimi də Sara xanım ona rəssamlığın sirlərini öyrədir. Sevincli anlar yaşanan tədbirdə iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova da çıxış edərək öz minnətdarlığını məktəbin rəhbərliyinə bildirmiş və qeyd etmişdir ki, daha da uca zirvələrə çatmaq üçün, əsil rəssam olmaq üçün daim mütaliə etməli, dünyagörüşünü artırmalısan. Bu yol mütləq kitabxanadan keçməlidir. Arzu və istəklərini ifadə edəndən sonra Zahirə xanım gənc istedadları üzə çıxarmaqda onlara şərait yaradan hər bir kəsə təşəkkür etmiş, bildirmişdir ki, bu hamımızın vətəndaşlıq borcu olmalıdır.


Tədbirin səkilləri
Bütün xəbərlər