F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın(Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində 2 mart 2015-ci ildə R.Behbudov adına Mahnı Teatrında Türk Uşaq Ədəbiyyatı Həftəsinin açılışı oldu. Həftənin açılışında türk uşaq ədəbiyyatının “Yazarlarımızdan çocuqlara”, “Sevimli uşaq yazarı Gülsüm Cengiz”, “Rengarenk masallar”, “Kitaplar dizisi”, “Deyimler ve öyküler”, “Kardelen kitaplar”, “Tarihe iz burakanlar”, “Kitap sepeti” adlı kitab sərgiəri nümayiş olundu. Tədbiri keçirməkdə əsas məqsəd uşaqları türk xalqının mədəniyyəti, adət və ənənəsi, uşaq ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə mədəniyyətini aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, maarifləndirmək idi. Tədbir Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himninin səslənməsi ilə başladı. Tədbirin açılışında Anadolu Türk liseyinin xor kollektivi, “Pətək” İctimai Birliyinin kukla teatrı, Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta təhsil internat məktəbinin şagirdləri maraqlı ədəbi bədii kompozisiya ilə çıxış etdilər. Tədbir iştirakçıları “Türkiyə - Azərbaycan”, “Biz birlikdəyik” video çarxlı slaydları izlədilər. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, nəşriyyat sektorunun baş məsləhətçisi Aslan Cəfərov,Türkiyə səfirinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, Türkiyə uşaq yazarı- Səma Maraşlı, TİKA-nın (Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dairə başkanı sayın Ali Özgün Öztürk, TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polat, millət vəkili Məlahət İbrahimqızı, Bakı Anadolu Türk liseyi, uşaq yazıçı və şairlərindən Sevinc Nuruqızı, Gülzar İbrahimova, Reyhan Yusifqızı, Zahid Xəlil, Fizulu Əsgərli, Aygün Bünyatzadə və başqaları, Səbail rayonu 7, 8 və 160 saylı məktəbin şagirdləri iştirak etdilər. Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirdə fəal iştirakına görə Sumqayıt şəhər Mədəniyyət evinə, fars-ingilis dilləri təmayüllü internat məktəbinin bütün iştirakçılarına, ən yaxşı şeir söyləyən Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin VII sinif şagirdi Zeynalabdin Bağırzadəyə diplom və hədiyyə təqdim etdi. Tədbiri izləyən məktəblilərə kitabxananın vizit kartı, türk uşaq ədəbiyyatından kitablar, tədbirin emblemi həkk olunmuş döş sancaqları və kitabxananın təsis etdiyi“Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. Tədbir KİV nümayəndələri tərəfindən lentə alındı.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın(Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində keçirilən Türk Uşaq Ədəbiyyatı Həftəsi 6 mart 2015-ci ilə qədər davam edəcək.


Tədbirin səkilləri
Bütün xəbərlər