25 fevral 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nərimanov rayonundakı 183 saylı körpələr evi uşaq bağçasında qan yaddaşımız olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirdi. Tədbir iştirakçıları Xocalı faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər. Aparıcı – hərbi paltar geyimli kitabxananın əməkdaşı Fatma Məmmədova qeyd etdi ki, fevralın 26-da ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 23 ili tamam olur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub". Soyqırım qurbanlarının xatirəsi xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri keçirilir.
Ssenari üzrə tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli film, çarxlı video slayd nümayiş olundu. Bağçanın balaca hərbi geyimli uşaq xoru Xocalı haqqında mahnılar oxudu. Uşaqlar əllərində şam bədii kompozisiyaya xüsusi rəng qatdılar. Uşaqların vətənpərvərliyə həsr olunmuş söylədikləri şeirlər hamıda böyük coşqu yaratdı. Tədbirdə Xocalıya həsr olunmuş plakatlara, kitab sərgilərinə baxış oldu. Bağçanın direktoru Sədaqət Qurbanova tədbirlə əlaqədar kitabxanaya öz təşəkkürünü bildirdi və qeyd etdi ki, xalqımız əmindir ki, Azərbaycanın haqq səsi tezliklə bütün dünyada eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq.
F.Köçərli adına kitabxananın direktoru Şəhla Qəmbərova tədbirlə bağlı fikirlərini söylədi və bildirdi ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Həmçinin bu gün eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini vurğuladı.
Şəhla xanım tədbirdə Azərbaycançılığımızın təbliği ilə bağlı uşaqlar arasında apardığı işlərə görə bir neçə müəlliməyə diplom təqdim etdi. Uşaqların sevimli yazarı Sevinc Nuruqızı uşaqlarla diskussiya keçirdi. Bütün tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Anım mərasimi uşaqlarla birgə xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.


Tədbirin səkilləri
Bütün xəbərlər