2015-ci il fevralın 12-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında xidmət şöbəsinin əməkdaşları – X.Padimat və N.Leylanın təşəbbüsü ilə tanınmış detektiv əsərlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı ilə onu sevən oxucuların görüşü keçirildi. Tədbirdə Bakı Dövlət Universitetinin, N.Tusi adina Pedaqoji Universitetin tələbələri, Nəsimi rayonu 44 və 164 saylı məktəbin şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirdi ki, Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Uşaq yaşlarından ədəbiyyata böyük maraq göstərmiş, kiçik şeirlər və hekayələr yazmışdır. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunmuşdur. BDU-nin mexanika–riyaziyyat fakültəsini bitirmiş, 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışmışdır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlamışdır. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs", Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası yazıçını “İlin ən çox oxunan yazıçısı” adına layiq görmüşdür. Tədbirdə 69 nəfər iştirak edirdi.Tədbir iştirakçıları Elxan Elatlıya həsr olunmuş video çarxlı slaydı izlədilər, “Oxucuların sevimli yazıçısı – Elxan Elatlı” adlı kitab sərgisi ilə tanış oldular. Sərgidə yazıçının əsərləri, onun haqqında qəzet və jurnal məqalələri nümayiş olunurdu. Elxan Elatlı görüşdə gənc, yeniyetmə kitabsevərlərin suallarını cavablandırmaqla yanaşı əsərləri ilə bağlı müzakirələr apardı. Görüşün sonunda tədbir iştirakçılarına imzalı kitablar hədiyyə edildi. Tədbir iştirakçıları yazıçı ilə görüşdən çox məmnun qaldılar, xatirə şəkilləri çəkdirdilər. Elxan Elatlı onu sevərək mütaliə edən oxucularla görüşünü bu sözlərlə bitirdi: Məni sevən çoxsaylı oxucularımdan kimisə sevindirə bildimsə özümü xöşbəxt hesab edirəm!


Tədbirin səkilləri
Bütün xəbərlər