26 yanvar 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq kitabxanasının xidmət şöbəsi görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərlinin anadan olması münasibəti ilə anım gecəsi keçirdi. Tədbirdə Nəsimi rayon 5 saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə ilk folklor antalogiyası banisinin adını daşıyan F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ekskursiya etdilər. Şagirdlər kitabxananın işi ilə çox yaxından tanış oldular, kitabxana ilə bağlı bütün məlumatları maraqla dinlədilər. Kiçik oxu zalında, Nağıl otağında xidmət şöbəsinin müdiri Könül Niftiyeva şagirdlərə F.Köçərli haqqında məlumat verərək bildirdi ki, Firidun bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. O, müasir filologiya elmimizin simasını, istiqamətini, gələcək inkişaf perspektivlərini, ədəbi meyar və prinslərini müəyyənləşdirən ədəbi şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz və vətənpərvər tədqiqatçısı olan F.Köçərli ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır. Ötən əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutur. Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə”si ilə ərməğan etmişdir. Tədbirdə uşaqlar F.Köçərlinin “Balalara hədiyyə” kitabına daxil olmuş şeirlərə, hekayələrə qulaq asıb oradakı tapmacaların cavabını tapdılar. Sonda şagirdlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və F.Köçərlinin “Balalara hədiyyə” kitabı hədiyyə olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər