20 noyabr 2014-cü ildə Bakı şəhəri Binəqədi rayonu Namiq Babayev adına 144 saylı orta məktəbdə Uşaq hüquqları Konvensiyasının qəbul olunmasının 25 illiyi ilə bağlı “Mən hüquqlarımı bilirəm” adlı tədbir keçirildi. Tədbirdə VI-XI sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq, şagirdlərə Uşaq hüquqları ilə bağlı məlumat verdi. O, çıxışında qeyd etdi ki, Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Çünki uşaqlar cəmiyyətin gələcəyi, nəsillərin varisliyinin qarantıdır. Ona görə də onların normal inkişafı üçün uyğun mühit və sosial baza olmalıdır. Hazırda ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görülür. Uşaqların problemlərinin həlli istiqamətində təqdirəlayiq addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərir. 2010-cu ildən uşaqların problemləri ilə bağlı müraciət edəcəkləri “Azərbaycan uşaq qaynar xətt” xidməti də fəaliyyət göstərir.
Sonra şagirdlər uşaq hüquqları ilə bağlı hazırladıqları foto stend qarşısında öz rəy və fikirlərini söylədilər. Tədbirdə həmçinin viktorina və sual-cavab da keçirildi. Belə ki, uşaqlar komandalara bölündülər, hər bir komanda özünə istədikləri Milli Qəhrəmanın adını qoyaraq yarışmaya qoşuldu. Yarışmanın sonunda qalib komandalar mükafatlandırıldı. Tədbir iştirakçılar kitab sərgisi ilə də yaxından tanış oldular. Tədbirə bir çox qonaqlar da dəvət olunmuşdu. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Aytac Əliyeva, Binəqədi rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, polis mayoru Elnur Əliyev, Bakı şəhəri 42 saylı Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin nümayəndələri, valideynlər, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodistləri öz çıxışlarında məktəb və kitabxana rəhbərliyinə keçirilən gözəl tədbirə görə təşəkkürlərini bildirdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər