17 noyabr 2014-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümünə həsr olunmuş 20 oktyabr-20 noyabr Uşaq hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım məni qoruyur” adlı tədbir keçirdi. Tədbirdə Xətai rayonundakı 26 saylı orta məktəbin IV-V sinif şagirdləri, müəllimləri iştirak edirdi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqlara diqqətin artırılması və onlara öz hüquqlarını bilməklə yanaşı, özlərini necə qorumaq lazım olduğunu təbliğ etmək idi. Tədbiri giriş sözü ilə kitabxananın kütləvi işlər üzrə şöbə müdiri Leyla xanım İbrahimova açaraq bildirdi ki, 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası Uşaq hüquqlarının qorunması sahəsində hazırlanmış ən mükəmməl beynəlxalq sənəddir. Hazırda Demokratik ölkə olan Azərbaycan da 1992-ci ildən bu Konvensiyaya qoşulmuş və 189 ölkənin sırasındadır. Konvensiyanın əsas məqsədi uşaqların xoşbəxt böyümələrini, həmçinin onların sağlam rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin ermək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Hər bir uşağın irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq yaşamaq hüququ, inkişaf hüququ, müdafiə hüququ, təhsil hüququ, informasiya almaq hüququ vardır. Uşaqlar onlar üçün yaradılmış ən muasir mebel, texnologiya ilə təmin olunmuş informasiya ocağından- F.Köçərli adına Respublika Uşaq kitabxanasından istifadə etməklə dünyagörüşlərini artırmaqla yanaşı, istirahət etməklə asudə vaxtlarını düzgün qura bilərlər. Həmçinin təkcə kitablardan deyil, informasiya daşıyıcılarından da istifadə edə bilərlər.
Sonra isə kitabxananın psixoloqu Şahvələdova Aynur uşaqlara onların hüquqlarından bəhs edən oyun keçirdi. Oyunu təşkil etmək üçün uşaqlardan ibarət iki qrup yaratdı. Uşaq hüquqlarından bəhs edən sorğular keçirərək onların fikirlərini öyrəndi. Tədbirdə həmçinin hüquqla bağlı video slayd göstərildi.
Tədbirin sonunda bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy Qurşağı” jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər