F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər və incəsənət şöbəsi noyabrın 5-də Bayraq gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə “Bayraq mənliyimdir, bayraq kimliyim” rəsm müsabiqəsinə qatılan bütün uşaqlar iştirak edirdi. İlk öncə tədbir iştirakçıları kitabxana ilə tanış oldular. Tədbir Azərbaycanın himni ilə başladı. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açaraq BAYRAQ GÜNÜ ilə əlaqədar ətraflı məlumat verdi və çıxışında qeyd etdi ki: Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə bayraq haqqında duyğularını belə ifadə etmişdir:
Daim ucalasan savaş günündə
Səni əsgər silahı ilə tən görüm.
Yalnız zəfər çalmış zəfər günündə
Şəhidlər önündə əyilən görüm.
Hər ilin 9 noyabrı təqvimizə Dövlət Bayrağı Günü kimi daxil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla bu gün xüsusi olaraq bayram edilir. İndi hər səhərimiz radio dalğalarında səslənən himnimizdəki “Üçrəngli bayrağınla məsud yaşa” kəlməsi ilə açılır... “Bir kərə yüksələn bayraq bir daha enməz!” Yüz ilə yaxın bir zaman tarixində Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun acıları içində bu kəlamla bir ümid işığı yandırılmışdı. Və gün gəldi bu bayrağ bir də heç bir zaman enməyəcəyinin təsdiqi kimi göy üzünün ənginliklərində ucaldı. 2010-cu ilin 1 sentyabr günü Xəzərin sahilində göylərə yüksəlmiş- dünyanın ən uca bayrağını azad səmalarda cilvələnən nur seli ilə Azərbaycan adlı ATA yurdunda əbədi işıq yandırdı. Azərbaycan bayrağı bu gün dünya dövlətilərinin bayraqları ilə yanaşı BMT qarşısında dalğalanır. İndi bayrağımız 180-dən artıq müstəqil dövlətlərin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan bayrağı bu gün təkcə Bakıda deyil, Azərbaycanın hər bir guşəsində dalğalanır. Azərbaycan bayrağı yüksələndə və Azərbaycan Respublikasının himni səslənəndə hər bir Vətən övladı duyğulanır, ümummilli liderimiz, ulu öndərimizin sözləri ilə desək, Azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir Azərbaycanlı onu qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır. İnanırıq ki, tarixin bütün dönəmlərində qalib çıxmış Azərbaycan bayrağı tezliklə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda dalğalanacaqdır. Bəli, biz Azərbaycanın sabahı olan yeniyetmələr inanırıq ki, hər addımında siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız çox keçməz ki, yaxın zamanda Xankəndinin mərkəzi meydanında və Vətənimizin tacı sayılan, Üzeyir yurdu- Şuşanın başı üzərində əzəmətlə dalğalanacaqdır.
Yaşasın Milli Bayrağımız! Azərbaycan Respublikası üçrəngli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.
Tədbir iştirakçıları həmçinin Bayraq gününə həsr olunmuş video slaydlara tamaşa etdilər. Və nəhayət rəsm müsabiqəsi qaliblərinin adları açıqlandı. Bir gün öncə Bakı Modern Məktəbin şagirdləri tərəfindən səsvermə yolu ilə seçilmiş rəsmlərin müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı ” uşaq jurnalı və kitab hədiyyə edildi. Qaliblərlə xatirə şəkilləri çəkildi.
“Bayraq mənliyimdir, bayraq kimliyim” rəsm müsabiqəsinin qalibləri ilə tanış olun:
I yer Almazova Nərgiz, Yasamal rayonu, 175 saylı orta məktəb, 8-ci sinif
II yer Allahverdiyeva Şəkər, Nərimanov rayonu, 212 saylı məktəb, 7-ci sinif
III yer Məhərrəmli İsmayıl, Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyası, 4-cü sinif
İncəhörüm: İki uşaq müsabiqədə yer tutmadıqlarına görə məyus olub, ağladılar. Dostum, qəm yemə! Əsas müsabiqədə iştirak etməkdir. Sən yer tutmadınsa da sənin dostun yer tutdu. Bunun üçün yalnız sevinmək lazımdır. Gəlin, başqasının qələbəsinə sevinməyi bacaraq.


Tədbirin səkilləri
Bütün xəbərlər