F.Köçərli adına Respublika Uşaq Kitabxanası 27 oktyabr 2014-cü il tarixdən “Kitab həftəsi” adlı tədbirinə start verdi. Tədbirin ilk günü Təhsil Nəşriyyat-Poliqrafiya müəssisəsində keçirildi.
Tədbirdə Bakı şəhəri Nərimanov rayon 193 saylı orta məktəbin 6-cı sinif şagirdləri iştirak etdi. Belə bir tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə kitabın necə çap olunduğunu əyani şəkildə göstərmək, nəşriyyat müəssisəsinin tərkibində olan bölmələr, avadanlıqlar, nəşr xidmətləri haqqında şagirdlərə geniş məlumat vermək idi.
“Təhsil” nəşriyyatında əsas etibarilə müxtəlif dillərdə dərsliklər nəşr olunur. Nəşriyyatda şöbələrin iş ardıcıllığı aşağıdakı kimi qurulmuşdur:
Mətnlərin işlənməsi redaksiyası - ekskursiya mətnlərin işlənməsi redaksiyasından başlandı. Bu şöbənin işi haqqında bizə “Tərcümə və xarici dillərdə dərsliklər redaksiyası”nın rəhbəri Elşadə Əzizova məlumat verdi. O bildirdi ki, mətnlər bu şöbədə hazırlanır. Daha sonra mətnlər üzərində dizayner işləyir. Dizaynerin əsas işi şəkilləri və illüstrasiyaları hazırlamaqdır. Kompüter şöbəsində dərsliklərin mətni şəkillərlə birlikdə yığılır və səhvlər varsa düzəldilir. Texniki şöbədə SDP maşınları vasitəsilə məhsul çapa hazırlanır. Çap sexində isə KVA çap maşınları vasitəsilə çap işi yerinə yetirilir. Daha sonra hazır məhsul cildləmə sexində cildlənir. Nəticədə uşaqların bilik mənbəyi olan dərsliklər ərsəyə gəlir. Cildləmə sexində şagirdlər İ.Əfəndiyevin “Geriyə baxmağa dəyər” kitabının cildləmə prosesini canlı olaraq izlədilər. Kitabın hazırlanması prosesi həm kitabxananın əməkdaşları, həm də məktəblilər üçün çox maraqlı oldu.
Şöbələrin işi ilə tanış olmaqda və bütün bu məlumatların bizə çatdırılmasında istehsalat şöbəsinin müdiri Məleykə Əsgərova xüsusi köməklik göstərdi. Qeyd edək ki, tədbirin davamı 29 oktyabr kitabxanada keçiriləcək.


Tədbirin səkilləri
Bütün xəbərlər