Sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan milli opera sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 129-cu ildönümü və Milli Musiqi Günü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Üzeyir Musiqi Günü” başlığı altında tədbir keçirildi.
Kitabxanada Milli Musiqi Günü ilə bağlı kitab sərgisi təşkil olundu. Tədbirdə çıxış edən kitabxananın əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti barədə məlumatlar verərək vurğuladılar ki, şərqdə ilk opera və operettanın, simfonik orkestrin, caz, xor, simfoniyanın banisi, klassik Şərq və Qərb musiqisinin sintezindən bənzərsiz sənət nümunələri yaradan Üzeyir bəyin adı dünya bəstəkarları sırasında ön sıradadır.
Ümummilli Lider Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyi diqqətə çatdırıldı. Bildirildi ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanan və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açan tədbir iştirakçıları, artıq milli musiqimizin xarici ölkələrdə də xüsusi həvəs və məharətlə ifa olunduğunu vurğuladı. Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təmsil olunur və Fondun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar keçirilir.
Tədbirdə Azərbaycan milli musiqisindən nümunələr səsləndirildi.


Tədbirin səkilləri
Bütün xəbərlər