Oktyabrın 25-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirildi. Münsiflər heyətində Azərbaycanın xalq artisti Səidə Quliyeva və kitabxananın əməkdaşları əyləşmişdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla xanım Qəmbərova açaraq tədbir iştirakçılarını salamladı. Çıxışında qeyd etdi ki, vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, ictimai məzmunlu lirikası öz gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermiş xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu məqsədlə xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində oxucular arasında şeir müsabiqəsi elan etmişdir ki, sentyabrın 25-dən start götürən müsabiqə bu gün başa çatmışdıır. Müsabiqə qalibləri dekabr ayında Məmməd Arazın 80 illik yubileyi ərəfəsində keçiriləcək bədii gecədə elan olunmaqla diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Tədbirdə müsabiqəyə qatılan oxucuların ifasında “Yaşat məni”, “ Sabahın imtahanı”, “ Düşmən qabağından qaçan kişilər”, “Mən Araz şairiyəm” , “ Bizi Vətən çağırır”, “Şeirim”, “Azərbaycan, səninləyəm”, “Vətən mükafatı”, “İnsan , Qayalar”, “Məndən ötdü, qardaşıma dəydi”, “Ayağa dur, Azərbaycan”, “Bir oxucuya məktub”, “Araz yadıma düşüb” və s.şeirlər səsləndirildi. Tədbirin sonunda Məmməd Araza həsr olunmuş “Milli qüruru, Milli qeyrəti tərənnüm edən şair” adlı sərgiyə baxış keçirildi.


Tədbirin səkilləri
Bütün xəbərlər