F.Köçərli adına Respublika Uşaq Kitabxanası 5 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il Sərəncamına əsasən “Milli qüruru, Milli qeyrəti tərənnüm edən şair” adlı tədbir keçirdi. Tədbirdə şairin həyat yoldaşı Gülxanım müəllimə, yazıçılardan Elxan Elatlı, Şəmistan Nəzirli, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat , İnformasiya və Reklamın təşkili şöbəsinin müdiri Vaqif Quliyev, yazıçı, millət vəkili Aqil Abbas, bədii qiraət ustası , əməkdar artist, dosent Ağalar Bayramov, uşaq yazıçılarından Zahid Xəlil, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Qqtay Rza, Reyhan Yusifqızı, “Təzadlar” qəzetinin baş redaktorunun müavini Elçin Məmmədli, şöbə müdiri Elbar Şirinov, yazıçı və tərcüməçi Eldar Xəlilov, yazıçı, publisist Vaqif Yusifoğlu, Musa Yaqub, Mədəniyyət qəzetinin əməkdaşı Fariz Hüseynov, “Zaman-Azərbaycan” qəzetinin müxbiri Turanə Əsədova, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov , AMEA-nın Nizami muzeyinin əməkdaşı Sevinc Ayazqızı iştirak edirdi. Həmçinin tədbirdə xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə oktyabr-noyabr ayında keçirilən şeir müsabiqəsinin fəal iştirakçıları, Bakının Nərimanov, Səbail rayonlarındakı 47, 36, 189, 160 saylı məktəbin şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq çıxışında qeyd etdi ki, Prezident İlham Əliyev görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Bu addım yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamıdır. O, həmçinin vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığından danışdı, şairin dərin ictimai məzmunlu lirikasının, ana dilimizin bütün incəliklərini özündə toplamış poetik irsinin gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidentinin Sərəncamının icrası məqsədi ilə Bakıda və bölgələrdəki elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bugünkü tədbir də bunlardan biridir. Tədbir iştirakçıları şairin 80 illiyinə həsr olunmuş video çarxlı slayda baxdılar. Sonra isə Yasamal rayon 53 saylı məktəbin 2-ci sinif şagirdləri şairin “Şikayət dəftəri” şeiri əsasında hazırlanmış bədii kompozisiyanı qonaqlara təqdim etdilər. Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat , İnformasiya və Reklamın təşkili şöbəsinin müdiri Vaqif Quliyev gözəl və mənalı çıxışı ilə yadda qaldı. Misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsulu olan Məmməd Araz poeziyasından söhbət açaraq onu müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu ucalıqda əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş kimi səciyyələndirdi. Məmməd Araza həsr etdiyi şeirlərindən oxudu. Qonaqlardan Elçin Məmmədli, Musa Yaqub, Vaqif Yusifoğlu, Oqtay Rza, Qəşəm İsabəyli şairlə bağlı xatirələrindən xeyli maraqlı söhbətlər etdilər. Bədii qiraət ustası Ağalar Bayramov Məmməd Arazın “Şanapipik”, “Bu gecə yuxuda”, “Mehmanxana xadiməsi”, “Nobel mükafatı” və digər şeirlərini böyük məharətlə ifa etdi. Tədbirin sonunda kitabxanada keçirilən şeir müsabiqəsi qaliblərinin adları açıqlandı, onlar Məmməd Arazdan öyrəndikləri şeirləri yenidən söylədilər. Qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırıldı. Digər fəal iştirakçılar isə fəxri fərman və hədiyyələr qazandılar. Xatirə gecəsinin sonunda yazıçının həyat yoldaşı Gülxanım müəllimə keçirilən tədbirlə bağlı kitabxana kollektivinə öz dərin təşəkkürünü bildirdi. Şeir müsabiqəsi iştirakçıları, qaliblər qonaqlarla xatirə şəkili çəkdirdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər