F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 29 aprel 2014-cü il saat 12:00-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi olan Teymur Elçinin anadan olmasının 90 illiyi münasibətilə “Ustad qələmində uşaq dünyası” adlı yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Z.Dadaşova açaraq Azərbaycan uşaq ədəbiyyatının inkişafında, zənginləşməsində Teymur Elçinin özünəməxsus xidməti, rolundan danışdı və bildirdi ki, sənətkarın uşaq ədəbiyyatında xidmətləri böyükdür. 50-90-cı illər ədəbiyyatını Teymur Elçinsiz təsəvvür etmək qeyri-mümkündür. Bununla yanaşı Z.Dadaşova tədbirin keçirilməsinin əhəmiyyətindən də danışaraq qeyd etdi ki, bu gün bu yubiley tədbirinin keçirilməsində əsas məqsəd uşaqları Teymur Elçinin yaradıcılığı ilə yaxından tanış etmək və onu balacalara sevdirməkdir.
Tədbirdə uşaq yazıçılarından Reyhan Yusifqızı iştirak edərək öz xatirələrindən danışdı və qeyd etdi ki, balacaların çıxışı onu uşaqlıq dövrünə qaytardı. Həmçinin Reyhan xanım şagirdlər arasında kiçik müsabiqə də keçirdi. Məktəblilərin çıxışına Modern School-un şagirdləri də tamaşa etdilər. Bütün şagirdlər arasında “Kitabxanaçılar – oxucuların gözü ilə” adlı rəy sorğusu keçirildi. Sorğunun keçirilməsində əsas məqsəd şagirdlərin gələcək kitabxanaçıları necə görmək istədiklərini öyrənmək idi. Tədbirdə Teymur Elçin yaradıcılığını özündə cəmləşdirən video slayd göstərildi. Binəqədi rayonu 144 saylı orta məktəbin şagirdləri şairin şeirlərini, hekayələrini səhnələşdirərək tamaşaçılara çatdırdı, sözləri Teymur Elçinə (musiqisi Oqtay Zülfüqarov, Rəşid Şəfəq) məxsus olan mahnılar oxundu.
Tədbirin sonunda bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.

Tədbirin səkilləri
Bütün xəbərlər