17 mart 2014-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yaz bayramı. Saz bayramı. Söz bayramı” adlı bayram tədbiri keçirildi. Novruz şənliyində Binəqədi rayonu 144 saylı və Dünya məktəbinin şagirdləri, müəllimlər, kitabxananın əməkdaşları iştirak etdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd etdi ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Tədbirdə 144 saylı məktəbin VII sinif şagirdləri novruz adət və ənənələrinə aid olan papaq atdı, üzük falı, ənzəli oyunları, yumurta döyüşü, xoruz döyüşü və s. kimi rəmzləri özündə birləşdirən səhnəciklərlə çıxış etdilər. “Uzundərə”, “Mirzəyi”, “Papaq” və “Yallı” kimi milli rəqslər ifa olundu. Tədbirin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova şagirdləri bayram münasibətilə təbrik edərək, onlara kitabxanada nəşr edilən “Göy qurşağı” jurnalı hədiyyə etdi.

Tədbirin səkilləri
Bütün xəbərlər