F.Köçərli adına Respublika Uşaq Kitabxanası 24 dekabr 2013-cü il tarixində Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibi Qəşəm İsabəylinin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş “Ədəbi ömrə bir nəzər” adlı tədbir keçirdi. Tədbirdə “Nurlar” nəşriyyatının direktoru, professor Nadir Məmmədli, “Kövsər” nəşriyyatının baş direktoru Xəlil Həsənoğlu, baş redaktor Hafiz Rüstəm, istefada olan general leytenant, publisist yazıçı Şəmistan Nəzirli, “Ərgünəş” nəşriyyatının direktoru, yazıçı, publisist Oqtay Əliyev, “Ədalət” qəzetinin əməkdaşı Əbülfət Mədətoğlu, yazıçı, publisist Teyyub Qurban, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə, “Ailəm” jurnalının əməkdaşı Aydın Əbdürəhmanov, uşaq yazarlarından İlyas Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Ələmdar Quluzadə, uşaq ədəbiyyatı üzrə tənqidçi Füzuli Əsgərli və yubilyar uşaq yazıçımız Qəşəm İsabəyli iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla xanım Qəmbərova açaraq yazıçının yaradıcılığından maraqla danışdı və qeyd etdi ki, o, uzun zaman yaradıcı imkanlarını əsasən uşaq ədəbiyyatının inkişafına həsr etmişdir. Uşaq aləminə dərindən bələd olan, o aləmin ab-havasına çox ustalıqla daxil olan yazıçı dostumuzun əsərləri bu mənada hər zaman diqqəti cəlb etmiş, hətta onlardan mükafata layiq görüləni də olmuşdur. Qəşəmin uşaq şeirləri oxucunu mütaliəyə həvəsləndirir. Hətta uşaqlara kitab oxumaq vərdişini, səbrini, təmkinini aşılayır. “Həmişə aldıqların nübar kitablar olsun”, misraları balaca dostlarının kitaba marağını, yaxşı əsərlər oxumaq istəyi yaradır. Tədbirdə Bakının Nəsimi, Səbayel rayonundakı 164, 190 saylı məktəbin şagirdləri iştirak edərək, Qəşəm müəllimin uşaqlar üçün yazdığı “Ay nənəli”, “Əriştə”, “Ərköyün”, “Elnur, Əkil və onların başına gələnlər” şeirləri əsasında səhnəcik göstərdilər və “Balaca, bapbalaca”, “Ay külək nə əsirsən”, “Vətən”, “Ot çalır atam”, “Çörək”, “Qar süd”, “Payız gəlib kəndimizə” və s. şeirlərini söylədilər. Həmçinin tədbir iştirakçıları Qəşəm İsabəylinin 65 illiyinə həsr olunmuş video çarxlı slayda baxdılar. Qələm dostları Qəşəm İsabəyli haqqında maraqlı xatirələrini, fikirlərini söylədilər, Ələmdar Quluzadə onun nəvəsi adından “Təkcə kitab yazanda, babam pəhriz saxlamır” yumorlu şeirini söylədi. İlyas Tapdıq çıxışında bildirdi ki, Q.İsabəylinin yaradıcılığında həyata real baxış, mənəvi-əxlaqi tərbiyə, humanist duyğular, insanpərvərlik başlıca yer tutur. Bədii sözün ifadə tərzinə və sanbalına hər zaman həssaslıqla yanaşan Q.İsabəylinin irili-xırdalı bütün əsərlərinin dəyəri də məhz bundadır. Onun yaradıcılığının əsasını Azərbaycançılıq ideyaları təşkil edir. Tədbirin sonunda uşaqlarla xatirə şəkilləri çəkildi. Qəşəm İsabəyli tədbirdə iştirak edən uşaqlara, qonaqlara və kitabxananın kollektivinə dərin təşəkkürünü bildirdi.

Tədbirin səkilləri
Bütün xəbərlər