10 fevral 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında gənc oxucu-rəssam Ayan Abbasovanın “Qoy həmişə günəş olsun” adlı ilk fərdi sərgisinin açılış mərasimi olmuşdur. Sərgidə Ayanın 45-ə yaxın rəsm işi nümayiş etdirilmişdir. Kitabxananın fəal oxucusu olan Ayan bir çox tədbirlərdə fəal iştirak edir, dərs əlaçısıdır, Bakının Binəqədi rayonu Namiq Babayev adına 144 saylı tam orta məktəbin yeddinci sinfində təhsil alır. Artıq 5 ildir ki, Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbində Aydan Niftiyevanın rəhbərlik etdiyi rəsm dərnəyində məşğul olur. Dərnək rəhbəri balaca rəssam haqqında yüksək fikirdədir. Ayan çox bacarıqlıdır. Güclü rəng duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az olmasına baxmayaraq o, müxtəlif janrlarda və texnikada sərbəst işləyir. Çəkdiyi rəsmlərin əksəriyyəti sulu boya, quaş, karandaşla çəkilmiş, muncuq və qaşlarla bəzədilmişdir. Onun əl işləri məzmun etibarı ilə tamaşaçıları düşünməyə vadar edir. Sərgidə nümayiş etdirilən "Gözümüzün nuru", "Biz sülh istəyirik", "28 may", "Bir bayraq altında birləşək", 20 Yanvar və Xocalı faciəsinə həsr olunmuş rəsmlərin önündən durmadan keçə bilmirsən. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq tədbir iştirakçılarını salamlamış, Ayanın əl işləri, yaradıcı təxəyyülü və xüsusi istedadı ilə bağlı öz fikirlərini söyləmişdir. Həmçinin öz çıxışında qeyd etmişdir ki, balaca rəssam heç bir çətinlik çəkmədən öz yaradıcı təxəyyülünü realizə etməklə bir-birindən maraqlı kompozisiyalar yaratmışdır. Tədbirə toplaşan qonaqlar - Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalq rəssamı Arif Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Qənirə Sultanova, Xədicə Quliyeva, Binəqədi rayonu İcra Hakimiyyətinin İdman və Gənclər şöbəsinin müdiri Qüdsi Bayramov, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Dilbər xanım, Ayanın sinif yoldaşları, valideynlər və başqaları balaca rəssam Ayan Abbasovanı təbrik etmiş, haqqında xoş sözlər söyləmiş, bu yolda ona uğurlar arzulamışlar. Gənc oxucu- rəssam Ayan Abbasova milli musiq alətimiz olan sazda gözəl musiqilər ifa etməklə tədbir iştirakçılarını bir daha feyziyab etdi.

Tədbirin səkilləri
Bütün xəbərlər