7 noyabr 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaq Kitab karvanı ilə İmişli rayonunda oldular. Tədbir ulu öndərimiz Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi. İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri , İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov, Mərkəzi Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova, rayon ictimaiyyəti, uşaqlar karvanı böyük sevinclə qarşıladılar. Tədbirdə rayon Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, uşaq bağçaları, 1, 2, 3, 4, 5 saylı şəhər orta məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, rayon ictimaiyəti, yerli KİV-lərin nümayəndələri iştirak edirdi. MKS-nin direktoru Lətifə Məmmədova kitabsevərləri salamlayaraq kitabın insanın, yeniyetmələrin həyatında necə mühüm rol oynadığını qeyd etdi. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Uşaq Kitab karvanı Şirvan yolunda” adlı regionlararası tədbirin məqsədi əhalinin, uşaqların kitaba, mütaliəyə həvəsinin artırılması, informasiya boşluğunun aradan qaldırılması, kitabxana-informasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsidir. Sonra tədbirdə şair İlyas Tapdıq çıxış edərək saz-söz ocağı, qədim Şirvan elini, obasını salamlayıb, Şirvanın Azərbaycanın mədəni, ictimai həyatında öz xüsusi yeri olduğununu vurğulayıb, körpə uşaqlara elmin, texnikanın inkişafında yüksək nailiyyətlər qazanmaq üçün çoxlu kitablar oxumağı tövsiyə etdi. Uşaq yazıçısı Gülzar İbrahimova tədbir iştirakçılarına yeni əsərləri haqqında məlumat verib və “Sehirli dünya” jurnalının yeni nüsxələrini uşaqlara və kitabxanaya hədiyyə etdi. Tədbirdə uşaq yazıçıları çıxış edərək uşaqlar üçün maraqlı, yaddaqalan şeirlərin söylədilər, yeni kitablarını balaca dostlarına bağışladılar. İmişli Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, 32 kitabın müəllifi şairə Məryəm xanım Şahverdiyevə öz şeirlərindən söylədi və qonaqlara kitablarını hədiyyə etdi. Sonra məktəblilər vətənə, kitaba, mütaliəyə dair şeirlər söylədilər. Tədbirin sonunda maraqlı viktorinalar keçirildi, fərqlənənlər hədiyyə qazandılar. Səyyar sərgidə nümayiş olunan kitab və jurnallarından ibarət 750 nüsxə kitab kolleksiyası İmişli rayon MKS-nə hədiyyə edildi. Oxucular arasında “Mütaliə və müasir kitabxana” mövzusunda rəy sorğusu keçirildi.

Tədbirin səkilləri
Bütün xəbərlər