05.11.2013-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında “Uşaq Kitab Karvanı Şirvan Yolunda” adlı uşaq və yeniyetmələr üçün səyyar sərgilərin təşkili üzrə tədbir keçirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunan və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kitabxana İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Qədim Karvan yolunun üzərində yerləşən Hacıqabul diyarında keçirilən tədbir ulu öndərin heykəli önünə gül dəstələri qoymaqla başladı, sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edib, xatirə kitabına ürək sözlərini yazdılar, xatirə şəkli çəkdirdilər. Tədbiri Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov açaraq qonaqları salamladı. F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışdı və tədbirdə iştirak edən uşaq yazıçı və şairləri və digər qonaqları təqdim etdi. Uşaq yazıçısı “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, uşaq yazıçısı, “Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, Azərbaycan televiziya və radiosunda uşaq verilişlərinin baş redaktoru Ələmdar Quluzadə, "Tumurcuq" qəzetinin baş redaktoru Səməd Məlikzadə çıxış etdilər. Fəal məktəbli oxucular öz şeir tövhələri ilə tədbirə rəng qatdılar. Tədbirdə iştirak edən məktəblilər arasında uşaq ədəbiyyatı haqqında tədqiqat xarakterli rəy sorğusu keçirildi. Tədbirin sonunda isə kitabsevər lər arasında “Tap görüm” adlı viktorina keçirildi.Viktorinanın qaliblərinə hədiyyələr verildi. “Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimli Gülzar nənəsi də uşaqlara hədiyyəli jurnallarından payladı, onlarla xatirə şəkli çəkdirdi. Kitab karvanı ilə gətirilən kitablar Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinə 750 nüsxə olmaqla hədiyyə edildi.

Tədbirin səkilləri
Bütün xəbərlər