30 may 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Сəzaçəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dəstək Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım” mövzusunda təlim təşkil edildi.
Təlimdə “Сəzaçəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Fəridə Əliyeva, psixoloq Aida Nəbiyeva, sosial işçi Gülnar Nəzərova, hüquqşünas Samirə Eyvazova, ictimai vəkil Gülayə Cəfərova, BDU-nun hüquq fakultəsinin tələbələri – gənc hüquqşünaslar, kitabxanaçılar, uşaq hüquqlarının müdafiəçiləri iştirak edirdi. Təlimin təşkilinin məqsədi gələcəyin gənc mütəxəssislərinin məişət zorakılığı ilə mübarizə sahəsində peşəkar hüquq müdafiəçisi kimi formalaşdırılmasına dəstək olmaqla onları, uşaqlarla işləyən kitabxana əməkdaşlarını maarifləndirmək idi. Interaktiv şəkildə keçirilən təlimdə iştirakçılara məişət zorakılığı barədə ümumi məlumat verildi, məişət zorakılığı sahəsində mövcud qanunlar təhlil olundu, peşəkar hüquqşünas, ictimai vəkil və psixoloqlar öz təcrübələrini iştirakçılarla bölüşdülər.
Sosial işçi Gülnar xanım öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası CEDAW Konvensiyasını, yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Konvensiyanı 1995-ci ildə ratifikasiya edib. 2001-ci il də isə qeyd olunan Konvensiyanın 1 saylı Protokolunu imzaladıqdan sonra Azərbaycan Respublikası məişət zorakılığının qarşısının alınması barədə qanunvericilik bazasını yaratmağı öhdəsinə götürmüşdür.
Tədbirdə çıxış edən mütəxəssislər müzakirələr zəminində tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbir iştirakçıları ictimai birlik tərəfindən tərtib olunmuş anket rəy sorğusu vasitəsilə öz fikirlərini, rəylərini bildirdilər.
Tədbirin sonunda kitabxananın direktoru Fizurə xanım Quliyeva keçirilən təlim-mühazirələrlə bağlı ictimai birliyə öz minnətdarlığını bildirdi, kitabxananın əməkdaşı Zahirə Dadaşova təşkilata öz təkliflərini verdi:
1.Təlim-mühazirələr istər paytaxtda, istərsə də regionlarda nigah qeydiyyatına ərizə verən bütün cütlüklərlə ayda bir dəfə olmaqla keçirilsin. Bu da gələcəkdə məişət zorakılığının qarşısının alınmasında böyük rol oynayar. İcra hakimiyyəti orqanları bu təlimin keçirilməsinə əhəmiyyət versinlər, təlim keçməyən cütlüyün nigahı bağlanmasın. Çünki yeni ailə quran gənclərin öncədən məlumatlanmaları daha vacibdir.

<Tədbirin şəkilləri

Bütün xəbərlər