15 mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr olunan “Vətən, millət fədaisi” adlı tədbir keçirildi. Tədbirdə yazıçı, publisist, F.Köçərli tədqiqatçısı, alim Şəmistan Nəzirli, F.Köçərlinin qohumları Tərlan xanım və Eldar bəy Xəlilov , uşaq yazıçısı Sevinc Nuruqızı, Binəqədi rayonundakı 144 saylı məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq ölkə Prezidentinin verdiyi sərəncamla əlaqədar il ərzində kitabxanada keçiriləcək tədbirlərdən ,F.Köçərli lektoriyasının kitabxanada hər ay keçiriləcəyindən söz açdı. “Vətən, millət fədaisi” adlı kitab sərgisi və çarxlı slaydlar musiqi altında təqdim olundu. Tədbirdə uşaqlar F.Köçərli yaradıcılığını geniş şəkildə təqdim etdilər. İbtidai sinif şagirdlərinin ifasında “Tıq-Tıq xanım”, “Göyçək Fatma” nağılları, yanıltmaclar, sanaçı sözlər, uşaq oyunları göstərildi. “Yallı”, ”Lalələr” rəqsləri, sazla musiqi ifa olundu. Yüksək aktyorluq qabiliyyətinə malik olan uşaqların çıxışları qonaqları heyran etdi. Şəmistan Nəzirli öz çıxışında qeyd etdi ki, ötən əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutur. Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə” ilə sizlərə ərməğan etmişdir. Bu gün gözəl çıxışlarınız ilə onun ruhunu şad etdiniz. Buna görə də hamınıza çox saq ol deyirəm. F.Köçərilinin qohumuTərlan xanım Xəlilova uşaqları gözəl çıxışlarına görə təbrik etdi və gələcəkdə onların həqiqətən istedadlı, əsil ziyalı olmalarını sübut edəcək bu gün üçün F.Köçərliyə borclu olmalarını dərk edəcəklərini söylədi. Tədbirin sonunda fəal iştirakına görə müəllimlərə kitabxananın diplomu, məktəbin direktoruna təşəkkür məktubu, şagirdlərə isə hədiyyələr və “Göy qurşağı” jurnalı verildi, xatirə şəkilləri çəkildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər