Dekabrın 6-da 2012-ci ildə görkəmli alim, BDU İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Fenomenal yaddaş və istedad sahibi” adlı ədəbi-bədii gecə kecirildi. Tədbiri kitabxananın direktoru F.Quliyeva açdı. Qonaqları salamladıqdan sonra o, çıxışında qeyd etdi ki, Vasim müəllim bir alim və pedaqoq kimi nüfuzu və əməli fəaliyyətilə Azərbaycan ərəbşünaslığını xeyli irəli aparmaqla respublikamızın ərəb ölkələrilə elmi və mədəni əlaqələrinin inkişafına böyük təsir göstərmiş və göstərməkdədir. V.Məmmədəliyevin Azərbaycan dilindən ərəb dilinə, ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər və nümunələr mövzu baxımından çeşidlidir. Ərəb dilinə tərcümələr arasında "Xaqani Şirvani. Rübailər", "Cəlil Məmmədquluzadə. Hekayələr", "H.Araslı. Xaqani Şirvani" kitabçaçı, rus müəllifi professor A.Rojdestvenskinin "Fikrət Əmirov" monoqrafiyası və F.Əmirovun "1001 gecə" baletinin liberettosunu göstərmək olar. Azərbaycan oxucuları Livan şairi Mişel Suleymanın şeirlərilə V.Məmmədəliyevin sətri tərcüməsi, xalq şairi Nəbi Xəzri və Cabir Novruzun poetik tərcüməsi əsasında tanış olmuşlar. Ərəb müəllifi Nizar Səlimin Nailə Nəzirova ilə birgə yazdıqları "Təmmuzun qayıdışı" baletinin liberettosunun Azərbaycan dilinə tərcüməsi də Vasim müəllimə məxsusdur. Vasim müəllim akademik Ziya Bünyadovla birgə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin (1971) öhdəsindən uğurla gəlmişdir. Sonra Vasim Məmmədəliyevə həsr olunmuş video çarx təqdim olundu. Tədbirdə Firuz Məmmədovun ifaçılığı ilə muğam üçlüyü çıxış etdi. 189 və 190 saylı məktəbin şagirdləri şeirlər söylədilər. Vasim müəllim tədbir iştirakçılarının suallarını cavablandırdı, kitabxananın xatirə dəftərinə öz ürək sözlərini yazdı. Fizurə xanım Vasim müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona kitabxana adından kitab və ona həsr olunmuş slaydların diskini hədiyyə etdi. Tədbirin sonunda Vasim müəllim tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər