Noyabrın 30-da F.Köcərli adına Respublika Uşaq Kitabxanası Xəzər Universiteti Dünya Məktəbində mütəfəkkir şair, dramaturq H. Cavidin anadan olmasının 130 illiyi münasibəti ilə “Yerə enməm də, səma şairiyəm” adlı ədəbi-bədii gecə kecirdi. Gecədə “Cavidin ömrü” filminin rejissoru, xalq artisti Ramiz Həsənoğlu, Miili Elimlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, cavidşünas Cavidə Məmmədli, məktəbin müəllimi, xalçaçı rəssam Afaq Kərimova, Universitetin rektoru Hamlet İsaxanlı iştirak edirdi. Tədbir H.Cavidin həyat və yaradıcılığı haqqında çəkilmiş sənədli filmlə başladı. Tədbirdə çıxış edən qonaqlar qeyd etdilər ki, böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb edir. “Cavid “əbədi”, “həmişəyaşar” deməkdir. Hüseyn Cavid həyatı sönməz bir ömürdür. Yüz illər keçəcək H.Cavidin yaradıcılığı insanların mənəvi dünyasını zənginləşdirəcəkdir” kimi bu və başqa fikirlər tədbir iştirakçıları tərəfindən səsləndirildi. Sonra məktəbin VI-X sinif şagirdləri şairin “Qız məktəbində”, “Qaçqın”, “Bahar”, “Mənim tanrım” və sair şeirlərini söylədilər. Şeir müsabiqəsində fərqlənənlər fəxri fərman və hədiyyələrlə mükafatlandılar. Ədibin həyat və yaradıcılığını özündə əks etdirən dolğun kitab sərgisi oxucular tərəfindən maraqla qarşılandı.

<Tədbirin şəkilləri

Bütün xəbərlər