Gənc nəslin tərbiyəsində ailə, məktəb və cəmiyyətin böyük rolu vardır. Azərbaycan xalqının şifahi və yazılı xalq ədəbiyyatı bu işdə əvəzsiz xəzinədır və bu xəzinədən yetərincə bəhrələnmək üçün ən azı yeniyetmələrimizi qəhrəmanlıq dastanlarının personajları ruhunda yetişdirməyə çalışmalıyıq. Bunun üçün isə biz həmin dastanları mükəmməl bilməliyik. Dastan - Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Qəhrəmanlıq dastanlarımızdan yaddaşlara daha dərin izlərlə həkk olunanı "Koroğlu" dastanıdır, desək yanılmarıq. Koroğlu - türk xalqlarının yarı-mistik xalq qəhrəmanıdır .
1 Noyabr 2012- ci ildə Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında Bakıda yerləşən Dünya Məktəbinin IV-VI sinif şagirdləri ilə “Koroğlu” dastanının müzakirəsi keçirildi. İlk öncə şagirdlər kitabxanada təşkil olunan yeni nəşrlərin sərgisi ilə taniş oldu. Kitabxananın direktoru Fizurə Quyliyeva uşaqları salamladıqdan sonra "Koroğlu" eposunun erməni variantı" haqqında uşaqlara onların bilmədikləri məlumatları çatdırdı. O çıxışında qeyd etdi ki, bu variantdan danışılsa da, belə bir variant yoxdur. 1936-cı ildə Vəli Xuluflu "Koroğlu" dastanının mükəmməl bir mətnini toplayıb çapa hazırlamışdır. Bundan xəbər tutan ermənilər onu ələ keçirmək üçün müxtəlif yollar axtarmağa başlamışlar. İrəvanda yaşayan Kananyan familiyalı bir erməni folklorçusu Bakıya gələrək V.Xuluflu ilə görüşmüş, onun "Koroğlu" dastanını erməni xalq dastanı kimi nəşr etməyə qol qoyacağı təqdirdə böyük mükafatlar alacağını söyləmişdir. V.Xuluflu isə "Koroğlu"nun türk dastanı olduğunu qətiyyətlə bildirmiş və onu erməni dastanı adlandırmağın mümkünsüzlüyünü söyləmişdir. 1937-ci ildə V.Xuluflu həbs olunmuş, evində axtarış zamanı "Koroğlu" dastanı götürülərək İrəvana aparılmışdır. Dastan rus dilinə tərcümə edilərək 1941-ci ildə İrəvanda "Koroğlunun erməni variantı" adı ilə çap edilmişdir. Bu dastanı erməni xalqı yaratmadığına görə onu "Koroğlu" dastanının erməni variantı adlandırmaq olmaz.
Uşaqlarla dastanın müzakirəsi keçirildi və şagirdlər oz fikirlərini bildirdilər. Daha sonra “ Koroğlu” filmindən fraqmentlər göstərildi. SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün ifasında “Koroğlu” operasından mahnılar səsləndi. Dünya məktəbinin direktoru tədbirlə bağlı kitabxananın əməkdaşlarına öz minnətdarlığını bildirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər