11 oktyabr 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının incəsənət və kütləvi işlər şöbəsi“Türk Xalqlar ıƏdəbiyyatı II: Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi“nin açılışında 190 saylı məktəbin III sinif şagirdləri ilə birgə hazırladıqları proqramla iştirak etdilər. Kitabxananın fəal üzvləri olan bu uşaqlar özbək, qazax, qırğız, türk, türkmən, azərbaycan milli geyimlərində S.Vurğunun “Azərbaycan” şeirini türk xalqlarının müxtəlif dillərində söylədilər, rəqslər təqdim etdilər. Səhnəyə daxil olan Dədə Qorqud Cırtdana belə bir mötəbər yığıncaq haqqında bütün dünyaya məlumat vermək üçün dağın başında ocaq yandırmağı tövsiyə etsə də, Cırtdan müasir informasiya texnologiyaları əsrində bunun indi sms və ya e-maillə mümkün olduğunu söylədi. Uşaqların çıxışları konqres iştirakçıları tərəfindən çox maraqla qarşılandı. Onlar kiçik hədiyyələrlə səhnəni tərk etdilər. Beynəlxalq konqresi açan Qafqaz Universitetinin rektoru, professor Dr. Ahmet Saniç öncə qonaqlara təhsil ocağının uğurları barədə məlumat verdi. Rektor yüksək səviyyəli kadrlar yetişdirən ali təhsil ocağının əməli fəaliyyətlərindən birinin Azərbaycanın, o cümlədən, türk dünyasının tarixi, ictimai-mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin, elmi konfransların təşkili ilə bağlı olduğunu söylədi. Sonra Təhsil naziri Misir Mərdanov, xalq yazıçısı Anar və digər fəxri qonaqlar çıxış etdilər. Müğənni Ağadadaş Ağayevin ifasında dinlənilən lirik mahnılar tədbirə daha bir rəng qatdı. Əsas təşkilatçısı “Çağ“ Öyrətim İşlətmələri Qafqaz Universitetinin olduğu bu beynəlxalq konfransın dəstəkçiləri Azərbaycan və Türkiyə Yazıçılar birlikləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi idi. Konqresdə 9 ölkədən gəlmiş uşaq ədəbiyyatı ilə məşğul olan yazıçı, alim və tədqiqatçılar iştirak edirdi. Universitetin foyesində türk xalqlarının uşaq kitabları və dövrü mətbuatının sərgisi, satışı təşkil olunmuşdu. Kitabxanamızın təsis etdiyi “Göy qurşağı” jurnalının son iki ildə nəşr olunan sayları sərgidə nümayiş olundu. Konqresin plenar iclaslarında və oturumlarda kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin müdiri Nazilə Tahirova iştirak edirdi. Onlar türk xalqları ədəbiyyatının mühüm bir hissəsi olan uşaq ədəbiyyatının bugünkü mənzərəsinin ortaya qoyulması və qiymətləndirilməsi, bu sahə ilə bağlı problemlərdən çıxış yollarının müəyyən edilməsi istiqamətində maraqlı təkliflərlə çıxış etdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər