11 may 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazıçısı, filologiya elmləri doktoru, Dünya Uşaq Ədəbiyyatı üzrə Beynəlxəlq Cəmiyyətin üzvü, professor Zahid Xəlilin anadan olmasının 70 illiyi ilə əlaqədar növbəti tədbir keçirildi. Bu dəfə yazıçını 164 saylı orta məktəbin üçüncü sinif şagirdləri təbrik etdilər. Tədbirdə uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, Oqtay Rza, Elxan Elatlı iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin ibtidai sinif müəlliməsi Sevinc Məcidova açaraq şagirdlərin Zahid Xəlil yaradıcılığına olan marağından, müasir uşaq yazıçılarının məktəblə bağlı əsərlərə daha çox üstünlük verməsindən danışdı. Sonra balacalar Zahid Xəlil qəhrəmanlarını – Ballıca, Qaraca, Cumbulu, Şeşəbığ, Azman, Cırtdan, Lampacıq, Çıraq nənə, Fındıqburun, Atəşböcək və Çıqını təmsil edərək müəllifi təbrik etdilər. Yazıçının əsərləri əsasında hazırlanmış səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılandı. Uşaqların çıxışından sonra Zahid Xəlil, Füzuli Əsgərli, Oqtay Rza uşaqların hazırladığı tədbir haqqında fikirlərini bildirdilər. Zahid Xəlil balacalara şeirlər, tapmacalar dedi, uşaqlara öz kitablarını hədiyyə etdi. Tədbirin sonunda kitabxananın direktoru Fizurə xanım Quliyeva çıxış etdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər