17 aprel 2012-ci ildə Dünya Uşaq Ədəbiyyatı üzrə Beynəlxəlq Cəmiyyətin üzvü, uşaq yazıçısı, filologiya elmləri doktoru, professor, uşaq ədəbiyyatı üzrə mütəxəssis Zahid Xəlilin anadan olmasının 70 illiyi ilə əlaqədar oxucuların görüşü oldu. Tədbirdə uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, uşaq yazıçılarından Gülzar İbrahimova, Qəşəm İsabəyli, Oqtay Rza, professor Himolay Qasımov və Buludxan Xəlilov, yazıçının nəvələri, Yasamal rayonu 53 saylı məktəbin və Nərimanov rayonu 193 saylı məktəbin şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq Zahid Xəlil haqqında çox ətraflı məlumat verdi. Çıxış edənlər yazıçının dramaturgiyası ilə bağlı maraqlı faktları uşaqların diqqətinə çatdırdılar: Uzun illər Azərbaycan televiziyasında uşaqlar üçün “Çıraq” verilişinin aparıcısı olmaqla sevimli uşaq yazıçılarımızı təbliğ edib, Azərbaycan Yazıçılar Birliyində uşaq ədəbiyyatı bölməsinə rəhbərlik edib, Milli uşaq nəsrində ilk macəra romanı onun adı ilə bağlıdır. Həmişə uşaq ədəbiyyatımızı fikirləşərək uşaq ədəbiyyatının inkişaf problemlərinin həllinə çalışmışdır. Bu sahədə namizədlik və doktorluq dissertasiyalarını işləmişdir...
Şagirdlər Zahid Xəlilin yazdığı kiçik şeirləri söylədilər, səhnəcik nümayiş etdirdilər. Kitabxanamızın metodisti Xəyalə Xəlilovanın hazırladığı slaydlar qonaqlar tərəfindən alqışlandı. Tədbirin sonunda yazıçıya kitabxanamız adından xatirə olaraq hədiyyə verildi.
“Zahid Xəlilin qələmində dünya olduqca mərhəmətli, işıqlı, rəngarəng, gur səsli, harmonikdir” (İqor Motyaşov) Zahid Xəlil uşaqların qəlbinə yol tapan, onların ürəklərini işıqla dolduran bir sənətkardır. Gəlin, bu gözəl ziyalımızı, bilicimizi ürəkdən alqışlayaq, ona uzun ömür, can sağlığı arzulayaq. Qoy onun sübhə kimi yanan işığının şöləsi 100 yaşında da saçsın.

<Tədbirin şəkilləri

Bütün xəbərlər