17 may 2011-ci ildə kitabxananın oxu zalında şair, publisist, istiqlal mücahidi olan Əli Yusif Mirzə Cəlal oğlu Yusifzadəyə həsr olunmuş Nazif Qəhrəmanlının “Vətən və İstiqlal aşiqi Əli Yusif” kitabının təqdimat mərasimi oldu.
Tədbirdə Əli Yusifin qardaşı qızı, Neft Akademiyasının professoru Alina xanım, filologiya elmləri doktoru Bədirxan Əhmədov, şair, publisist Teyyub Qurban, teatrşünas Aydın Dadaşov, Dövlət ədəbiyyat və incəsənət arxivinin direktoru Maarif Teymur, Azərbaycan MEA Tarix institunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, dosent Kamran İsmayılov, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli, kitabxanaçılar, tələbələr iştirak edirdi.
Oxu zalında “ Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” başlıqlı kitab sərgisi təşkil olunmuşdu. Sərgidə Ümmügülsümün, Cəfər Cabbarlının, Əli Yusifin şeirlərindən sitatlar verilmişdi.
Azərbaycanın himni səsləndi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva acaraq, tədbir iştirakçılarını salamladı və qonaqları təqdim etdi. Sonra sözü kitabın müəllifi – Nazif Qəhrəmanlıya verdi. Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, şair və publisist Əli Yusifin həyatı, yaradıcılığı, təhsili (Əli Yusif Cümhuriyyətin xaricə ali təhsilə göndərdiyi 100 nəfərdən biri idi, uğurla təhsilini bitirib vətənə qayıtmışdı), 20-ci illərdə çalışmaları, rus işğalına qarşı gizli mübarizəsi, sürgün həyatı haqqında, dövri mətbuat və arxiv sənədləri barədə geniş məlumat verdi və qeyd etdi ki, kitabda Əli Yusifin şeirlərinin və məqalələrinin bir qismi ərəb əlifbasından transfoneliterasiyada ilk dəfə oxucular təqdim olunub. Həmçinin, kitabda Şuşadan çıxmış Yusifzadələr nəsli, xüsusən Əli Yusifin atası, məşhur müəllim, tərcüməçi və jurnalist Mirzə Cəlal Yusifzadə, Əlinin qardaşı professor Alim Yusifzadə haqqında da dəyərli bilgi almaq mümkündür. Nazif müəllim kitab üzərində 10 ildən artıq çalışmasından, arxiv sənədlərindən, Əli Yusif haqqında roman yazmaq istəməsindən və s. maraqlı söhbət etdi. Kitabxananın direktor müavini Zahirə xanım istiqlal aşiqi Əli Yusif haqqında , milli istiqlal tariximizdən maraqlı çıxış etdi. Sonra teatrşünas , professor Aydın Dadaşov öz çıxışını Y.V.Çəmənzəminlinin “Basılan kitablar, kəsilən pullardan qiymətlidir” kəlamı ilə başladı, yaddaqalan çıxış etdi. Digər qonaqlar da - şair, publisist Teyyub Qurban, Kamran İsmayılov, Əlizadə Əsgərli öz çıxışlarında qeyd etdilər ki, görkəmli şair, publisist, istiqlalçı və mücadiləçi olan Əli Yusifzadənin həyatı, yaradıcılığı böyük qəhrəmanlıq örnəyi, şücaət dastanıdır. O qüdrətli bir idealist, yorulmaz milliyyətçi, milli özgürlüyün, idealın, müstəqillik ideyalarının yorulmaz və yenilməz daşıyıcısı olmuşdur. Sonra Vətən aşiqi Əli Yusifin qardaşı qızı Alina xanım kövrək hislərlə , atasının xatirələrindən danışdı, əmisi Əli Yusifin belə anılması üçün, kitabın təqdimatı münasibətilə kitabxana kollektivinə öz dərin təşəkkürünü bildirdi. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyəti tarixindən video görüntülər oxuculara göstərildi.

Tədbirin şəkilləri

Bütün xəbərlər