20 aprel 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında yazıçı, şair Əli Kərimin 80 illik yubileyi ilə əlaqədar Elza Kərimin “ Nə xoşbəxt imişəm…” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədli, yazıçı, publisist Teyyub Qurban, jurnalist, yazıçı, publisist İntiqam Mehdizadə, Əli Kərimin həyat yoldaşı Elza Kərim iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq, Əli Kərim haqqında ətraflı məlumat verdi. Kiçik yaşlı oxucuların böyük marağına səbəb olmuş “Tənbəl ayı balası” uşaqların ifasında səhnələşdirilmiş formada səsləndi. 1 saylı məktəbin V və VIII sinif şagirdləri “Qaytar ana borcunu”, “Bakı küləyi”, “Daş”, “Gəl Azərim”, “İki sevgi”, “Xoşbəxtlik” və s. şeirlərini söylədilər. İntiqam Mehdizadə, Teyyub Qurban Əli Kərimlə bağlı maraqlı, yaddaqalan xatirələrdən söhbət açdılar. Kitabxananın direktor müavini Zahirə xanım Əli Kərim yaradıcılığı ilə bağlı çıxış etdi. Əli Kərimin “Qayıt” şeirinin sözlərinə yazılmış “Nə gəlməz oldun” videoklipi müğənni Flora Kərimovanın ifasında təqdim olundu. Tədbirin sonunda Elza xanım oxuculara bir ana kimi kitabda yazdığı xatirələrindən söz açmaqla yanaşı, onlara təhsillə bağlı dəyərli məsləhətlər verdi, kitabxana kollektivinə isə öz təşəkkürünü bildirdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər