BMT 21 mart gününü - Beynəlxalq Novruz Günü elan etmişdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 16 mart 2011-ci ildə “Novruz gəldi, Yaz gəldi” adlı “Rusiya- Azərbaycan. İki mədəniyyətin dialoqu” adlı telekörpü keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd Rusiyada yaşayan Azərbaycanlı uşaqlara elimizin gözəl bayramı olan Novruzla bağlı məlumat vermək, uşaqların ifasında el şənliyini göstərməklə milli, mənəvi dəyərlərimizin dünyanın hər bir yerində qorunub saxlanması idi.
Bayram şənliyi kitabxananın oxu zalında oldu. Tədbirdə Novruz bayramı ilə əlaqədar kitab sərgiləri, bayram süfrəsi təşkil olunmuşdu. Bayramda uşaqların sevimli yazıçılarından Nüşabə Məmmədli, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, həmin şöbənin məsləhətçiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı, Dünya Azərbaycanlıları Həmrəyliyi İctimai Birliyinin sədri Tofiq Əlizadə, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi iştirak edirdi.
Volqoqrad şəhəri Vilayət Uşaq Kitabxanasında təşkil olunmuş telekörpüdə Volqoqrad Vilayət Mədəniyyət Komitəsinin katibi Qepfner Viktor Petroviç, Milli Məsələlər üzrə Komitənin katibi Rəna Qasımova, “Ümumrusiya Azərbaycan Konqresi” Volqoqrad Vilayəti üzrə regional şöbənin katibi Teymur Həsənov, kitabxana işçiləri, Azərbaycanlı uşaqlar və valideynlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə F.Köçərli adına Kitabxananın direktoru F.Quliyeva açaraq Rusiyadakı həmkarları, Azərbaycanlıları salamladı, qonaqları təqdim etdi. Sonra qonaqlardan Rusiya səfirliyinin nümayəndəsi Svetlan Vladimirovna Kosıçkina, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə xanım, yazıçılar çıxış etdilər.
Rusiya Federasiyası Volqoqrad Vilayət Uşaq Kitabxanasının direktoru Tatyana Aleksandrovna, müavini Olqa Qlebova çıxış edərək kitabxanamızın onlara göndərdiyi 100 ədəd Azərbaycan uşaq ədəbiyyatı əsasında təşkil etdikləri sərgidən, həmçinin xüsusi buraxılışla nəşr olunmuş, Novruz bayramına həsr olunmuş “Göy qurşağı”jurnalının Azərbaycanlı uşaqların necə sevincinə səbəb olmasından söhbət etdilər. Bayram şənliyi təqdim olundu. Uşaqlar milli geyimdə çıxış edərək, şeirlər və mahnılar söylədilər, səməni və xonçalarla rəqs etdilər, novruz çərşənbələrindən danışdılar, papaqatdı, yumurta döyüşü, ocaq üzərindən tullanma kimi qədim adətlərimizi göstərdilər. Bahar qız , Bənövşə tədbir iştirakçılarını salamladı, Kosa və Keçəl isə öz məzəli səhnəcikləri ilə uşaqları xeyli güldürdü.
Uşaqlar arasında “Boxçadan suallar” adlı viktorina keçirildi, suala düzgün cavab tapanlar Cırtdanın torbasından hədiyyə qazandılar. Nağıl qəhrəmanları uşaqların görüşünə gələrək onları bayram münasibətilə təbrik etdi. Bayram şənliyini Nəsimi rayonundakı 8 saylı məktəbin 2-ci sinif şagirdləri Kəmalə xanım Yusifovanın hazırlığı altında təqdim etdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər