2 fevral 2011-ci ildə Məlumat-biblioqrafiya şöbəsi Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki –humanitar liseyində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirdi. Tədbirdə yuxarı sinif şagirdləri arasında “Müasir gənclər və onların cəmiyyətdə rolu” adı altında debatlar təşkil olundu. S.Əhmədova “Azərbaycan Gəncləri Günü”nün təsis olunması tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, bu qayğının həyata keçirilməsində mühüm rol oynayan dövlət sənədlərindən (“Gənclər siyasəti haqqında”, “Xüsusi istedada malik olan uşaqıarın (gənclərin) yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı (2006-2010-cu illər), “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və s.), bu gün gənclərimizin ədəbiyyat, idman və digər sahələrdə əldə etdiyi uğurlardan danışdı. Debatlarda iştirak edən yuxarı sinif şagirdləri özlərinin vəzifələrindən, problemlərindən, arzularından, cəmiyyətdə tutduqları və tutmaq istədikləri mövqe haqqında fikirlərini açıqladılar, sevdikləri şeirləri əzbər söylədilər. Liseyin müəllimləri Ü.Tahirzadə , T.Əliyeva , K.Məmmədova tədbirin həm hazırlanmasında, həm də keçirilməsində yaxından iştirak etdilər, tədbirin maraqlı keçməsi üçün lazımi şəraiti yaratdılar. Tərtib olunmuş kitab sərgisinin birinci hissəsində gənclərə, onların ictimai fəaliyyətinə həsr olunmuş kitablar, ikinci hissəsində müvafiq dövlət sənədləri, üçüncü hissədə isə “Gənclik və Poeziya” başlığı altında yubilyar şairlərimizin (Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir, Əıi Kərim, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vahid Əziz) kitabları nümayiş etdirildi. Eyni zamanda şagirdlər şeir söylədikcə həmin yazarların həyat və yaradıcılığı haqqında onlara məlumat verildi.

Tədbirin şəkilləri

Bütün xəbərlər