1 fevral 2011-ci ildə kitabxananın oxu zalında şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı Teyyub Qurbanın “İkinci həyat” (rus dilində) kitabının təqdimatı oldu. Bu kitab həm şan –şöhrət, həm də əzab –əziyyət görmüş, lakin öz ölkəsinə sadiq qalmış, onu əhatə edən insanlara daim xeyirxah olmuş böyük bir insanın – Hacı Zeynalabdin Tağıyevin – Milli təfəkkürlü sahibkarın sözlə çəkilmiş portretidir. Tədbirdə kitabın redaktoru Gülrux Əlibəyli, tərcüməçi Səyavuş Məmmədzadə, yazıçılardan Maksim Musayev, Nüşabə Məmmədli, Qəşəm İsabəyli, Səadət Qarabağlı, fəlsəfə elmləri doktoru Məmmədağa Sərdarov və Bakı uşaq və məktəb kitabxanalarının əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq T.Qurban yaradıcılığından, bioqrafiyasından maraqlı məlumat verdi. Sonra isə kitabın redaktoru Gülrux xanım çıxış etdi. O, T.Qurbanın bir tədqiqatçı kimi tarixi şəxsiyyətlərin obrazına müraciət etməsini onun milli dəyərlərə, keçmişimizə bağlı olmasıyla əlaqələndirdi. Bildirdi ki, T.Qurban həyatı və yaradıcılığı boyu cəmiyyətdə baş verən proseslərdən kənar qala bilməyən bir ziyalı kimi tanınıb. Əgər ictimai mövqeyə malik bir insan, qələm sahibi və ziyalı cəmiyyətdə baş verənlərə qarşı biganə qalırsa, o heç vaxt sənətkar və ziyalı adını doğrulda bilməz. Teyyub Qurban bu baxımdan hər zaman fəal mövqeyilə seçilib, öz yardıcılığında cəmiyyətlə bağlı məsələlərə geniş toxunmaqla sübut edib ki, o, “əsl ziyalıdır”. Digər çıxış edənlər də Teyyub müəllimin hər zaman tarixi tədqiqatlar aparmaq istiqamətində yorulmadan, böyük həvəslə işlədiyini söylədilər. Tədbirdə iştirak edən kitabxanaçılar da tədqiqatçı, şair və ziyalı kimi tanıdıqları T.Qurbanın fəaliyyətindən, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş məqalələrindən söhbət açdılar. Həmçinin Teyyub Qurbanın indiyə qədər M.Ə.Rəsulzadə, H.Z.Tağıyev, M.Rəfili, C.Cabbarlı yaradıcılığını araşdıraraq ərsəyə gətirdiyi tədqiqat əsərlərinə də toxunuldu. Tədbirin sonunda T.Qurban belə bir önəmli tədbir üçün kitabxana əməkdaşlarına minnətdarlığını bildirdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər