14 may 2026-cı il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin bir qrup tələbəsi F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olub.
Tələbələr kitabxananın fəaliyyət istiqamətləri, oxuculara göstərilən müasir xidmət növləri, fondun təşkili və informasiya resurslarının idarə olunması prosesi barədə ətraflı məlumatlandırılıblar.Kitabxana əməkdaşları tərəfindən tələbələrə kitabxana işinin əsas prinsipləri, biblioqrafik təsvir qaydaları, informasiya axtarış sistemləri və müasir kitabxana xidmətlərinin təşkili barədə ətraflı məlumat verilib. Tələbələrə, həmçinin kitabxanada tətbiq olunan AKİS proqram təminatı vasitəsilə elektron kataloqun yaradılması və idarə olunması prosesi nümayiş etdirilib. Elektron kataloq sisteminin oxucular üçün yaratdığı imkanlar, informasiya resurslarının operativ axtarışı və məlumat bazasının formalaşdırılması prinsipləri tələbələrin xüsusi marağına səbəb olub.
Proqram çərçivəsində gənclər kitabxanalararası abonement xidməti, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin iş mexanizmi ilə də yaxından tanış olublar. Onlara müxtəlif kitabxanalar arasında informasiya mübadiləsinin təşkili, oxucuların informasiya tələbatının ödənilməsi istiqamətində həyata keçirilən xidmətlər barədə geniş məlumat təqdim edilib.
Tanışlıq proqramının əsas məqsədi tələbələrin kitabxana-informasiya fəaliyyəti, kitabxanaşünaslıq və biblioqrafiya sahəsində nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi, həmçinin gələcək peşə fəaliyyətləri ilə bağlı daha geniş təsəvvür formalaşdırılmasıdır.


