31 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 108-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbir vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı 31 Mart hadisələrinin tarixi mahiyyəti, bu faciənin xalqımızın yaddaşında buraxdığı izlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 31 Mart təkcə matəm günü deyil, həm də tariximizi dərindən öyrənmək və gələcək nəsillərə ötürmək məsuliyyətini xatırladan önəmli bir gündür.
Azərbaycan Texniki Universiteti Humanitar fənlər kafedrasının baş müəllimi Zarina Tağıyevaya qeyd edib ki, 31 Mart soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrdən biridir. O, həmçinin hadisələrin tarixi kökləri, başvermə səbəbləri və nəticələri barədə geniş məlumat verib, gənc nəslin qan yaddaşımızı dərindən bilməsinin vacibliyini bildirib.
Tədbirin əsas məqsədi xalqımızın tarixində dərin iz buraxmış bu faciənin unudulmaması, gənc nəslə düzgün şəkildə çatdırılması və milli yaddaşın qorunmasından ibarətdir.