14 oktyabr 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin iştirakı ilə 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Əsas məqsəd məktəb kitabxanalarının təhsil və tərbiyə prosesindəki rolunu diqqətə çatdırmaq, şagirdlərdə mütaliəyə marağı artırmaq, kitabxanalardan səmərəli istifadə vərdişlərini inkişaf etdirmək, eləcə də ənənəvi kitabxana xidmətlərinin müasir texnologiyalarla inteqrasiyası imkanlarını nümayiş etdirmək olub.
Tədbir çərçivəsində məktəb kitabxanalarının şagirdlərin bilik və dünyagörüşünün genişləndirilməsində, müstəqil öyrənmə bacarıqlarının inkişafında və mütaliə mədəniyyətinin formalaşdırılmasında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, məktəb kitabxanaları yalnız kitabların saxlanıldığı məkan deyil, həm də şagirdlərin informasiya əldə etdiyi, araşdırma apardığı, mütaliə vərdişlərini inkişaf etdirdiyi və yaradıcı düşünmə bacarıqlarını formalaşdırdığı mühüm təhsil mühitidir.
Həmçinin iştirakçılara süni intellekt vasitəsilə hazırlanmış kitab nümunələri slaydlar şəklində təqdim olunub. Təqdimatda süni intellekt texnologiyalarının kitabların hazırlanması və məzmununun vizual təqdimatında tətbiqi, ənənəvi mütaliə imkanlarının rəqəmsal vasitələrlə zənginləşdirilməsi və bu yeniliklərin məktəb kitabxanalarının fəaliyyətində istifadəsi imkanları diqqətə çatdırılıb. Şagirdlər müasir texnologiyaların kitab dünyasına təsiri ilə tanış olub, rəqəmsal resursların məktəb kitabxanalarında informasiya əldə etmək və mütaliəyə marağı artırmaq baxımından əhəmiyyəti barədə məlumat əldə ediblər.
Tədbirin növbəti mərhələsində şagirdlərin məktəb və digər kitabxanalardan istifadə vərdişlərini, kitabxanalara münasibətini və mütaliə marağını öyrənmək məqsədilə sorğu keçirilib. Əvvəlcədən hazırlanmış sorğu anketləri iştirakçılara paylanılıb. Anketlərdə şagirdlərin kitabxanaya gedib-getməməsi, kitabxanadan istifadə tezliyi, kitabxanada mütaliəyə münasibəti və kitabxana xidmətlərindən yararlanma təcrübəsi ilə bağlı suallar yer alıb.
Şagirdlər sorğu suallarını cavablandırdıqdan sonra nəticələr və iştirakçıların fikirləri ətrafında müzakirələr aparılıb.
Tədbir məktəb kitabxanalarının təhsil prosesinin ayrılmaz tərkib hissəsi olduğunu, onların müasir informasiya resursları və innovativ yanaşmalarla zənginləşdirilməsinin vacibliyini bir daha ön plana çıxarıb. Belə maarifləndirici görüşlər şagirdlərin kitabxanalara marağının artırılmasına, mütaliə mədəniyyətinin inkişafına və məktəb kitabxanalarının təhsil mühitindəki mövqeyinin gücləndirilməsinə töhfə verir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqların mütaliəyə cəlb olunması, məktəb kitabxanaları ilə əməkdaşlığın təşviqi, mütaliə mədəniyyətinin formalaşdırılması və kitabxana xidmətlərinin təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkilini davam etdirir.











